TGViewer
Channel Public Channel
🔹AzeriSalaf🔹

🔹AzeriSalaf🔹

@azerisalaf

İslam saleh sələflərin fəhmi ilə.

https://instagram.com/azerisalaf
Subscribers
279
Photos
184
Videos
107
Links
185
Recent Posts 20 shown
Post #761 61
(3-cü hissə)

Bu gün dünyada baş verən bəzi hadisələr sadəcə xəbər deyil – bunlar xəbərdarlıqdır. Məktəbdə zorakılıq və xüsusilə silahlı hücum kimi hadisələr hər bir cəmiyyət üçün çox ciddi təhlükədir. Şagirdin məktəbə silahla daxil olub günahsız insanlara zərər verməsi tək bir insanın problemi deyil. Bu, bütöv bir tərbiyə sisteminin haradasa çatladığını göstərən bir siqnaldır. Bu nöqtəyə necə gəlinir? Bu cür hücumlar adətən bir neçə faktorun birləşməsi ilə əlaqəli olur: psixoloji travmalar və ya ruhi problemlər, sosial təcrid və ya zorakılığa məruz qalma, ailə mühiti, aqressiv məzmunlara məruz qalma, sosial əlaqələrin zəifliyi və mənasızlıq hissi. Bütün bunların altında ortaq bir boşluq var: mənəvi dayağın olmaması.
İnsan qatillik hissi ilə doğulmur. Onu bu hala gətirən bir proses var. Və o proses çox vaxt qəlbin boş qalması ilə başlayır.
Şübhəsiz ki, düzgün dini və əxlaqi tərbiyə insanı pislikdən çəkindirən ən güclü amildir. İslam dini insanın daxilində məsuliyyət, mərhəmət və hesabat hissi formalaşdırır. Sağlam cəmiyyət yalnız qanunla deyil, əxlaq, mərhəmət və məsuliyyət üzərində qurulur. İslam insanı yalnız zahiri davranışlarla deyil, daxili aləmi ilə tərbiyə edir. İnsanın daxilində Allah qorxusu, məsuliyyət hissi və haqq anlayışı olmadıqda, o, nəzarətsiz qalır. Bu baxımdan baxdıqda, bəzi gənclərin həyatın mənasını bilməməsi, mərhəmət hissini itirməsi, insan həyatının dəyərini anlamaması, aqressiya və nifrətə meylli olması sadəcə sosial problem deyil – bu, mənəvi zəifləmənin əlamətidir. Onlara yalnız informasiya verilib, amma mənəvi istiqamət verilməyib. Bu gün ailə zəifləyib, tərbiyə formal qalıb, qəlblər boş buraxılıb. Və boş qalan qəlb boş qalmır. Düzgün dini tərbiyə insana üç əsas şey qazandırır:
- Allah qarşısında məsuliyyət hissi
- insanlara qarşı mərhəmət və ədalət
- öz nəfsinə nəzarət
Bu xüsusiyyətlər olmadan insan nə qədər təhsilli olsa da, daxilən boş qala bilər. Diplom insanı yaxşı etmir. Bilik tək başına insanı dayandırmır. Tarix boyu böyük alimlər də bunu vurğulayıb: elm əxlaqla birlikdə olmadıqda, fayda vermir. Burada bir həqiqəti də dürüstcəsinə qeyd etmək lazımdır: dini mühitdə böyüyən hər insan avtomatik olaraq etibarlı olmur. Dini tərbiyə yalnız məlumatdan ibarət deyil. Özünə sadəcə müsəlman demək kifayət deyil – İslam dinini yaşamaq, onu olduğu kimi öyrənib tətbiq etmək lazımdır.
Uşaq təkcə dərs oxuyan varlıq deyil. O, ruhu olan insandır. Əgər bu ruh düzgün istiqamət almazsa, başqa təsirlər (sosial media, aqressiv oyunlar, mənasız pop mədəniyyəti və s.) onu formalaşdıracaq. Uşağın qəlbi boş torpaq kimidir. Ora nə əkilərsə, o bitər. Buna görə valideynlər uşağın təkcə dərsinə yox, əxlaqına da diqqət etməlidir, məktəblər yalnız bilik yox, dəyər də verməlidir, gənclərə həyatın məqsədi izah olunmalıdır. İnsan nə üçün yaşadığını anlamadıqda, həyat mənasız görünür. Mənasızlıq isə çox vaxt təhlükəli istiqamətlərə aparır. Bəzən insanlar belə hadisələri izah edərkən müxtəlif şübhələr və ittihamlar irəli sürürlər. Amma əsas məsələ öz məsuliyyətimizi anlamaqdır. Biz öz ailəmizdə, öz mühitimizdə nə edirik? Uşaqlarımıza nə veririk? Onların qəlbini nə ilə doldururuq?
Bu hadisələr təsadüf deyil. Bunlar nəticədir. Əgər biz qəlbi unuduruqsa, tərbiyəni ikinci plana atırıqsa, dini və mənəvi dəyərləri zəiflədiriksə onda nəticələr də ağır olacaq.
Əgər biz həqiqətən belə faciələrin qarşısını almaq istəyiriksə, onda qəlbləri iman və əxlaqla doldurmalı, gənclərə məsuliyyət və mərhəmət öyrətməli, dini və mənəvi tərbiyəni ciddi şəkildə ön plana çıxarmalıyıq. Çünki insanı həqiqətən saxlayan Allah qarşısında cavabdehlik hissidir.
Post #760 49
(2-ci hissə)

Hər ailədə qaydalar və məhdudiyyətlər var. Heç kim inkar etmir ki, sərhədlər və qaydalar uşağın sağlam psixoloji inkişafı üçün vacibdir. Əks halda uşaqda narahatlıq, özünəinam çatışmazlığı və həyata uyğunlaşmaqda çətinlik yaranır. Əvvəlcə uşağa elektrik cərəyan mənbəyinə əl salmağa və isti ütüyə toxunmağa icazə vermirik. Sonra böyüklərin sözünü kəsməyi, yalnız şirniyyat yeməyi, daha sonra isə zərərli vərdişləri qadağan edirik. Hər ailənin (istər müsəlman, istər qeyri-müsəlman) öz qaydaları var: yeməkdə, geyimdə, davranışda. Biri uşağına çips yeməyi qadağan edir, digəri isə donuz ətini. Kimi uşağını müxtəlif dərnəklərə göndərir, kimi namaza alışdırır, kimi isə hər ikisini edir. Birinə görə oğurluq “uğur” sayılır, digərinə görə isə rüsvayçılıqdır. Valideyn istənilən halda uşağına öz dünyagörüşünü və əxlaqını ötürür.
Uşaq dişini fırçalamağı, dərman içməyi və ya paltarını dəyişməyi istəməyə bilər. Amma hansı valideyn “onu məcbur etmirəm” deyib geri çəkilir? Eyni şəkildə heç bir normal valideyn uşağa “özün qərar ver” deyib onu spirtə, narkotikə və ya təhlükəli həyata buraxmaz. Heç kim uşağa orta təhsil almağı “seçim” kimi təqdim etmir. Heç bir normal valideyn uşağa “istəsən adam öldür” demir; “isti idi deyə paltarsız çıxdı” deyib küçəyə buraxmır. Çünki normal valideyn nəticələri anlayır. Müsəlman valideyn də dinin tərk edilməsinin nəticələrini anlayır. Səmimi iman sahibi anlayır ki, ən böyük xoşbəxtlik Allahla yaxınlıqdır. O bilir ki, insan təkcə bu dünya üçün yaşamır və bir gün hesabat verəcək. Buna görə də uşağa verilən hər istiqamətin əhəmiyyətini anlayır. O başa düşür ki, uşağa İslam dinini öyrətməmək onun həm dünya, həm də axirət həyatına zərər verir. Din uşağa yük deyil. Din onu qoruyan çərçivədir. Necə ki yol qaydaları sürücünü məhdudlaşdırmaq üçün deyil, onu qorumaq üçün qoyulub, dini qaydalar da insanı sıxmaq üçün deyil, onu qorumaq və istiqamətləndirmək üçündür.
Müasir dünya uşağa çox şeyi öyrətməyə hazırdır: necə pul qazanmalı, necə rəqabət aparmalı, necə məşhur olmalı və necə diqqət çəkməli. Amma ən vacib sual çox vaxt cavabsız qalır: insan niyə yaşayır? İslam dini bu suala cavab verir. Buna görə də mömin valideyn övladına dini öyrədəndə bunu “məhdudlaşdırmaq” kimi yox, onu mənasızlıqdan, daxili boşluqdan və ruhsuz həyat tərzindən qorumaq kimi görür. Mömin valideyn anlayır ki, övlad yalnız cəmiyyət üçün deyil, Allahın qarşısına çıxacaq bir insan kimi yetişdirilməlidir. Buna görə ona namazı, həyanı, halal və haramı öyrədir. Buna görə hicabı sadəcə geyim kimi yox, iffət və itaət anlayışı kimi izah edir. Bu, uşağın həyatını əlindən almaq deyil — ona istiqamət verməkdir. Çünki uşaq özbaşına böyümür. Əgər valideyn onu formalaşdırmasa, onu küçə, sosial şəbəkələr, trendlər və nəfsi istəklər formalaşdıracaq.
Bu gün əksər valideynlər övladının rahat həyatı üçün gecə-gündüz çalışırlar, onu kurslara, müəllim yanına, idmana göndərirlər, yorulurlar, əziyyət çəkirlər – amma onun qəlbini kimə bağladıqları barədə düşünmürlər. Halbuki insanın ən böyük faciəsi kasıb yaşamaq deyil. Ən böyük faciə Allahdan uzaq yaşamaqdır.
Post #759 48
✅ DİNİ TƏRBİYƏ ƏTRAFINDA İKİLİ STANDARTLAR

(1-ci hissə)

Müasir zamanda cəmiyyətimizdə bir sıra ciddi ziddiyyətlər var. Onlardan biri uşaqların tərbiyəsi ilə bağlıdır. Əgər valideyn uşağa “dürüst ol”, “yalan danışma”, “oğurluq pisdir”, “insanlara hörmət et”, “həyatda məqsəd qur”, “filan ideologiya doğrudur” öyrədərsə, buna “tərbiyə”, “dəyər aşılamaq”, “şəxsiyyət formalaşdırmaq” deyilir. Amma müsəlman valideyn Allahı tanıtmaq, namazı öyrətmək, halal-haram anlayışı vermək, Quran və Peyğəmbər sevgisi aşılamaq istəyəndə birdən-birə buna “təzyiq”, “beyin yuma”, “uşağın seçim haqqını əlindən almaq” deyənlər çıxır.
Özünü müsəlman adlandırıb, amma dinini öyrənməyən bir çox valideyn belə deyir: “Uşağa dini öyrətmək tezdir”, “Qoy böyüsün, özü seçsin”. Amma eyni insanlar uşağa iki yaşından ingilis dili öyrədir, üç yaşından riyaziyyata başlayır, dörd yaşından idmana yazdırır. Heç kim demir: “Qoy uşaq 18 yaşına çatanda özü qərar versin – oxumaq istəyir ya yox?” və ya “Qoy özü seçsin – aqressiv olsun ya hörmətli?” Çünki hamı bilir ki, heç bir uşaq heç vaxt “tam boş”, təsirsiz mühitdə böyümür. Hər bir uşaq bir dünya görüşü ilə formalaşır. Ya valideyn onu yetişdirir, ya da mühit onu formalaşdırır. Üçüncü variant yoxdur. “Uşaq böyüsün, özü seçsin” şüarı neytral mövqe deyil. Çünki həmin uşağa paralel şəkildə artıq müəyyən həyat tərzi, düşüncə sistemi, əxlaq modeli, hətta dinə münasibət də ötürülür. Yəni məsələ “təsir etməmək” deyil; məsələ hansı təsirin qəbul ediləcəyidir.
Maraqlıdır ki, insanlar uşağa ateizmi, liberal dünyagörüşünü, materialist həyat anlayışını, müəyyən sosial fikirləri erkən yaşdan aşılamağa çox vaxt “maarifçilik” deyirlər. Amma eyni hüququ müsəlman valideyn istifadə edəndə bunu problem kimi göstərirlər. Əslində valideynin öz inandığı həqiqəti övladına öyrətməsi təbii bir şeydir. Bu yalnız müsəlmanlara aid deyil – bütün insanlar bunu edir. Çünki insan sevdiyi, doğru bildiyi şeyi övladına vermək istəyir. Hər səmimi müsəlman üçün də din sadəcə ənənə və ya mədəniyyət deyil. Din həyatın mənasıdır. Namaz sadəcə ritual deyil, hicab sadəcə parça deyil, halal və haram sadəcə qaydalar deyil. Bunlar insanı qoruyan və istiqamətləndirən bir sistemdir.
Əgər bir valideynin övladına öz dünyagörüşünü, əxlaqını, həyat prinsipini öyrətməsi normaldırsa, niyə müsəlman valideyn bunu edəndə problemə çevrilir?!
Bəzi valideynlər belə deyir: “din məcburiyyət olmamalıdır”, “uşağa təzyiq etmək olmaz”. Bəli, doğrudur. Amma burada mühüm bir fərq var: təzyiq başqa şeydir, tərbiyə başqa. Uşağa “dişini fırçala”, “məktəbə get”, “pis söz danışma” demək təzyiq sayılmır. Bunlar tərbiyədir. Eyni şəkildə uşağı namaza alışdırmaq, hicabın mənasını izah etmək, halal və haramı öyrətmək də tərbiyədir.
Əgər “uşaq özü seçsin” prinsipi həqiqətən ardıcıl şəkildə tətbiq olunsaydı, onda valideyn uşağa heç bir qadağa qoymaz, təhsili məcburi etməz, telefonu məhdudlaşdırmaz, onu pis mühitdən uzaq tutmağa çalışmazdı. Amma heç kim belə etmir. Çünki hamı bilir ki, uşaq hələ tam şüurlu və yetkin seçim edə biləcək vəziyyətdə deyil.
Uşağa saatlarla ekran qarşısında qalmağı, məşhurlara kor-koranə bağlılığı, erkən yaşdan trend mədəniyyətini, aqressiv rəqabəti aşılamaq “normal modern həyat” sayılır; amma Allah qorxusu, ibadət, həya, məsuliyyət və axirət düşüncəsi öyrədiləndə bunu “gerilik” kimi təqdim edənlər olur. Halbuki tarix boyu bütün cəmiyyətlər öz dəyərlərini yeni nəslə ötürüblər. Dəyərlər ötürülməsə, cəmiyyət dağılır. Sual yalnız budur: “hansı dəyərlər ötürüləcək?”
Post #758 93
Bu, klassik “çərçivələndirmə” (framing) texnikasıdır: mövzunun adı dəyişdirilir. Artıq "hicab" deyil, "uşaq hüququ" danışılır. Nəticədə hicabı müdafiə edən hər kəs avtomatik olaraq "uşaq hüququnun pozulmasının tərəfdarı" kimi mövqeləndirilir. Müzakirənin termini dəyişəndə müzakirənin nəticəsi də əvvəlcədən müəyyən olunur.
23 sentyabr 2026-cı il tarixli Nazirlər Kabineti qərarı bu kontekstdə gözlənilməz hadisə deyil. Media artıq qadağanı "müzakirə" etmir – onu "şərh edir", "ekspert rəyi" ilə əsaslandırır, "beynəlxalq təcrübə"yə istinad edir. Leksika tamamilə dəyişib: "tənzimləmə", "standart", "vahid forma", "peşəkar mühit". Qadağa sözü işlədilmir. "Tənzimləmə" işlədilir.
İnsanların beyinlərinə yeridilən fikir budur: “Bu, qadağa deyil, bu, sadəcə məktəb üçün normal standartdır.”
İctimai rəyi idarə edənlərin ən böyük silahı sözlərdir. Əgər mən sizə desəm: "Sizin geyim azadlığınızı əlinizdən alıram və qadağa qoyuram", siz dərhal ayağa qalxıb etiraz edərsiniz. Amma mən desəm: "Məktəblərdə vahid geyim standartı və peşəkar etik qaydalar tətbiq edirik", siz çox güman ki, başınızı tərpədib "hə, nizam-intizam üçün yaxşıdır" deyib keçərsiniz. Məzmun eynidir – məhdudiyyət. Amma qablaşdırma fərqlidir. "Qadağa" sözü insanlarda müqavimət, qəzəb doğurur. "Standart", "tənzimləmə", "neytrallıq" sözləri isə insanlarda əmin-amanlıq, nizam hissi yaradır.
Börneyz bu barədə çox dəqiq yazıb:
"The group mind does not think in the strict sense of the word. In place of thoughts it has impulses, habits, and emotions."
"Kütlə şüuru sözün ciddi mənasında düşünmür. Fikirlərin yerində impulslar, vərdişlər və emosiyalar var." (“Propaganda”, IV Fəsil)
Məhz buna görə leksika bu qədər vacibdir. İnsanlar "hicab qadağası" haqqında düşünmürlər. Onlar "vahid forma" haqqında impulsiv reaksiya verirlər. Və bu impuls "nizam", "peşəkarlıq", "uşaq hüququ" kimi pozitiv assosiasiyalarla yüklənibsə, müqavimət əvvəlcədən neytrallaşdırılıb.
Mətbuat materiallarında, televiziya verilişlərində və sosial media paylaşımlarında aşağıdakı ifadələrin sistematik təkrarı müşahidə olunur:
- "dünyəvi təhsil" - hicabı avtomatik olaraq "dünyəvilik əleyhinə" mövqeyə qoyur
- "dini atribut" - geyimi inancdan ayıraraq "simvol" kimi təqdim edir; qadağanı asanlaşdırır
- "uşaqların qorunması" - emosional toxunulmazlıq yaradır; əks arqumenti "uşaq əleyhinə" edir
- "vahid forma" - fərqliliyi "pozuntu" kimi çərçivələyir
- "ideoloji təzyiq" - şəxsi seçimi "kənar qüvvənin təsiri" kimi göstərir
Bu ifadələr təsadüfi deyil. Onlar hər dəfə eyni kontekstdə, eyni ardıcıllıqla, eyni "ekspert" dairəsi tərəfindən təkrarlanır. Börneyzin "organized habits" dediyi məhz budur: ictimai şüurda müəyyən assosiativ zəncirlərin formalaşdırılması. "Hicab" sözü eşidiləndə beyin avtomatik olaraq "dünyəvilik əleyhinə - uşaq üçün təhlükə - qadağası normal" zəncirini işə salır.

Xülasə

Əgər bir mövzu illər ərzində eyni çərçivədə, eyni leksika ilə, eyni emosional tonla, eyni "ekspert" dairəsi tərəfindən təkrar-təkrar təqdim olunursa, bu ictimai müzakirə deyil, ictimai rəyin formalaşdırılması prosesidir.
Börneyzin 1928-ci ildə təsvir etdiyi mexanizm indi də işləyir. Yalnız alətlər dəyişib. Əvvəllər qəzet və radio idi. İndi sosial media, "ekspert" podkast-ları, "vətəndaş jurnalistikası" formatlı YouTube kanalları var. Amma prinsip eynidir: əvvəlcə şəraiti yarat, sonra onu xəbər kimi təqdim et. Təkrarla. Çərçivəni saxla. Leksikanı dəyişmə. Və bir gün qadağa qadağa kimi görünməyəcək. O, sadəcə "normal" olacaq.
Təəssüf ki, cəmiyyətimizin bir hissəsi "nəyi və niyə qəbul etdiyini" sorğulamaq qabiliyyətini itirib. Qadağalar qadağa kimi yox, "xeyirxah standartlar" kimi qəbul edilirsə, deməli Börneyzin "görünməz hökuməti" öz işini görür. Börneyz özü deyirdi: "Kütlə şüuru düşünmür – impuls verir." Əgər bu doğrudursa, onda ən böyük müqavimət düşünməkdir. Sadəcə düşünmək.
Post #757 82
✅ Bir qadağa necə "normal" hala gətirilir?

Heç fikir vermisinizmi? Əvvəllər cəmiyyətdə böyük etirazlara səbəb olan bəzi məsələlər illər keçdikcə necə də sakitcə "həyatın norması"na çevrilir. Bir gün gözünüzü açırsınız ki, vaxtilə mübahisəli sayılan bir qərar artıq hamı tərəfindən qəbul edilib.
Bir məsələni cəmiyyətin qarşısına eyni çərçivədə, eyni leksika ilə, eyni emosional tonla dəfələrlə çıxarmaq sadəcə "müzakirə" deyil. Bu, ictimai şüurun arxitekturasını yenidən qurma prosesidir. Əvvəlcə mübahisəli görünən, sonradan "problem", daha sonra "təhlükə" və nəhayət "qadağası normal olan atribut" kimi təqdim edilən hər hansı mövzu artıq müzakirə predmeti olmaqdan çıxır. O, qəbul edilmiş reallığa çevrilir.
İctimai rəy mühəndisliyinin atası sayılan Edvard Börneyz (Edward Bernays) 1928-ci ildə "Propaganda" adlı bir kitab yazır. Bu kitab bu gün dünyanın ən böyük PR və media şirkətlərinin "dərs vəsaiti" sayılır. Börneyz kitabın “Xaosun təşkili (Organizing chaos)” başlıqlı 1-ci fəslində çox maraqlı və bir o qədər də dəhşətli bir həqiqəti üzə çıxarır:
"The conscious and intelligent manipulation of the organized habits and opinions of the masses is an important element in democratic society. Those who manipulate this unseen mechanism of society constitute an invisible government which is the true ruling power of our country. We are governed, our minds are molded, our tastes formed, our ideas suggested, largely by men we have never heard of."
“Kütlələrin mütəşəkkil vərdişlərinin və rəylərinin şüurlu və düşünülmüş manipulyasiyası demokratik cəmiyyətin mühüm elementidir. Cəmiyyətin bu görünməz mexanizmini idarə edənlər görünməz hökumət təşkil edir və ölkəmizin həqiqi hakim gücüdür. Biz idarə olunuruq, şüurumuz formalaşdırılır, zövqlərimiz yaradılır, ideyalarımız bizə təlqin edilir – əsasən heç vaxt adını eşitmədiyimiz insanlar tərəfindən.”
Yəni sizə elə gəlir ki, qərarlarınızı özünüz verirsiniz. Amma əslində, media və "ekspertlər" vasitəsilə sizə nəyi düşünməli olduğunuz çox incə şəkildə, hiss etdirmədən "yedizdirilir".
İctimai rəy öz-özünə formalaşmır. O, seçilmiş leksika, təkrarlanan çərçivə və mərhələli təqdimat vasitəsilə “qabaqcadan layihələndirilmiş” razılığa çevrilir (engineering of consent).
İndi bu nəzəri çərçivəni Azərbaycan məktəblərində hicab məsələsinin illər üzrə mediada necə təqdim edildiyinə tətbiq edək.
Əgər bir qadağanı birdən-birə tətbiq etsəniz, cəmiyyətdə kəskin etiraza səbəb ola bilər. Amma o qadağanı illərə bölüb, hər il üzərinə bir az "qorxu" və "narahatlıq" əlavə edərək təqdim etsəniz, cəmiyyət o qadağanı özü sizdən tələb edər.
Əvvəldə media materiallarında əsas leksika "mübahisə", "müzakirə", "müxtəlif rəylər" idi. Hicab hələ "problem" deyildi – sadəcə "müzakirə edilən məsələ" idi. Amma artıq bu mərhələdə belə mövzu "dünyəvilik" çərçivəsində təqdim olunurdu. Yəni hicabın özü deyil, onun "dünyəvi təhsilə uyğunluğu" müzakirəyə çıxarılırdı. Çərçivə artıq qoyulmuşdu.
Sonrakı dövrdə media materiallarında ton dəyişir. Artıq "müzakirə" sözünü "problem", "narahatlıq", "risk" ifadələri əvəzləyir. Xəbər başlıqlarında hicab birbaşa "məktəb intizamına təhdid" kimi təqdim olunmağa başlayır. Eyni zamanda "ekspert rəyi" formatında seçilmiş şəxslərin (həmişə eyni istiqamətdə) şərhləri dərc olunur. Prinsip sadədir: əvvəlcə bir neçə konkret hadisə mediaya çıxarılır, sonra həmin hadisələr "ümumi tendensiya" kimi şərh edilir.
Növbəti mərhələdə məsələ artıq "geyim" müstəvisindən çıxarılıb "uşaq hüquqları" və "psixoloji təhlükə" müstəvisinə salınır. Hicab artıq yalnız "qayda pozuntusu" deyil, "uşaqların psixoloji sağlamlığına təhdid", "ideoloji təzyiq aləti", "dini radikallaşmanın ilk addımı" kimi təqdim olunur. Ekranda emosional çıxışlar edilir: "Uşaqlar ideoloji təzyiqə məruz qalır!", "Onlar hələ formalaşmayıb!" Leksikaya yeni sözlər daxil olur: "manipulyasiya", "təzyiq", "yetkinlik yaşına çatmamış uşağın hüququ".
Post #756 96
✅ İnsanlara görünmək üçün yox, Allahın razılığı üçün yaşa

Müasir dövrün ən hiyləgər aldatmalarından biri insanı ehtiyacı olmadığı bir şeyi, pulu olmadığı halda, ona əhəmiyyət verməyən insanları təsirləndirmək üçün almağa sövq etməkdir. Və bu artıq səhv davranış kimi yox, normal həyat tərzi kimi təqdim olunur. İnsana elə aşılayırlar ki, yaşadığından daha varlı görünməlidir, sahib olduğundan daha çoxunu göstərməlidir. Alış-verişi ehtiyacına görə yox, statusuna görə etməlidir. Özünü razı salmaq üçün yox, başqalarının bəyənməsi üçün yaşamalıdır. Sosial şəbəkələr, reklamlar və influenserlər bu düşüncəni daha da gücləndirir. İnsan başqalarının həyatının yalnız ən parlaq tərəfini görür və elə zənn edir ki, hamı ondan daha xoşbəxt və daha varlıdır. Sonra da özünü onlarla müqayisə etməyə başlayır. Beləcə "məndə də olmalıdır", "geri qalmamalıyam" düşüncəsi yaranır. Halbuki gördüyümüz dəbdəbənin arxasında çox vaxt kreditlər, borclar, stress və narahatlıq gizlənir. İnsan hiss etmədən öz ehtiyaclarına görə deyil, başqalarının gözündə dəyərli görünmək üçün yaşamağa başlayır. Halbuki insanın dəyərini geyindiyi paltar, sürdüyü maşın və ya istifadə etdiyi telefon müəyyən etmir.
Uca Allah buyurur: "Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin, için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz." (əl-Əraf, 31) İslam insanı gözəl geyinməkdən və Allahın verdiyi nemətlərdən istifadə etməkdən çəkindirmir. Əksinə, bunu təşviq edir. Lakin bunun şərti israf etməmək, təkəbbür göstərməmək və başqalarına özünü nümayiş etdirməməkdir. Peyğəmbər ﷺ buyurmuşdur: "Kim təkəbbür ilə paltarını (yerlə) sürüyərsə, Qiyamət günü Allah ona baxmaz." (Sahih əl-Buxari, 5788; Sahih Muslim, 2085) Başqa bir hədisdə isə buyurur: " Var-dövlət malın çoxluğu ilə deyil, əsl var-dövlət nəfsin (qəlbin) zənginliyidir." (Sahih əl-Buxari, 6446; Sahih Muslim, 1051) İnsan öz dəyərini insanların bəyənməsi ilə ölçməyə başlayanda artıq azadlığını itirir. O vaxtdan sonra onun seçimlərini vicdanı və ehtiyacları deyil, başqalarının fikri idarə edir. Mömin isə insanların razılığını deyil, Allahın razılığını qazanmağa çalışır. O bilir ki, Allah insanın paltarına, maşınına və evinə deyil, qəlbinə və əməllərinə baxır. Peyğəmbər ﷺ buyurmuşdur: "Həqiqətən, Allah sizin zahiri görünüşünüzə və mallarınıza baxmır. O, sizin qəlblərinizə və əməllərinizə baxır." (Sahih Muslim, 2564) Buna görə də, bir şey almamışdan əvvəl özümüzə bu sualı verməliyik: Mən buna həqiqətən ehtiyac duyuram, yoxsa sadəcə başqalarının gözündə daha dəyərli görünmək istəyirəm? Bu sual insanı çox lazımsız xərclərdən, borclardan və sonradan peşman olacağı qərarlardan qoruyar. Çünki bir şeyi insanlara görünmək üçün alırsansa, əslində sən həmin əşyaya yox, insanların fikrinə pul xərcləyirsən. Və insanların fikrini satın almaq mümkün deyil. Bu insanın ömrü boyu düşə biləcəyi ən bahalı və ən təhlükəli illüziyalardan biridir.
Post #755 140
Bəlkə siz də fikir vermisiz: dünyanın bir çox ölkəsində İslam dini haqqında danışarkən müəyyən ifadələr təkrar-təkrar səslənir. "Din geridədir", "dindar adam savadsızdır", "hicablı qadın azad deyil" və bu kimi digər sözləri az eşitməmişik. Bunlar bir-birindən asılı olmayan təsadüfi fikirlər deyil. Diqqətlə baxsaq görərik ki, bunların hamısı bir neçə əsas metodun və psixoloji təsir mexanizmin müxtəlif formalarda təkrarıdır. Gəlin bu metodları sadə dildə izah edək və hansı prinsiplərə əsaslandıqlarına baxaq.

Davamı burada:
https://www.facebook.com/share/p/1Biggfb2PC/
Post #754 142
Çoxlu müsəlmanlar uzun illərdir bir psixoloji tələyə düşüblər: onları ittiham edirlər, onlar da müdafiə olunurlar. Qarşı tərəf deyir: “siz belə­siniz”, müsəlman isə cavab verir: “yox, biz elə deyilik”. Belə müsəlmanlar qarşı tərəflə debatlarda zəif mövqedədirlər. Bu, oponentin arqumentlərinin güclü və sarsılmaz olduğuna görə deyil. Səbəb bəsitdir, həm də çox acı: həmin müsəlmanlar daim müdafiə mövqeyində qalırlar. Ssenari həmişə eynidir. Bir islamofob ortaya çıxıb deyir: "İslam qadına zülm edir." Müsəlman oturur, saatlarla, səhifələrlə izah verir – ayələr gətirir, tarixdən misallar çəkir, sübut üstünə sübut qoyur. Aradan az vaxt keçir, yeni ittiham gəlir: "Yaxşı, bəs niyə İslam azadlığın əleyhinədir?" Yenə izah, yenə sübut, yenə müdafiə. Sonra başqa bir ittiham... Bu dövrənin sonu yoxdur. Çünki əslində məqsəd həqiqəti öyrənmək deyil, səni sonsuza qədər müdafiə mövqeyində saxlamaqdır. Müsəlman bunu anlamadıqca , hər dəfə yeni sualla oyuna girir...

Davamı burada:
https://www.facebook.com/share/p/1JbgRZ5C58/
Post #752 119
Əl-vəla vəl-bəra (الولاء والبراء) – İslam əqidəsinin mühüm əsaslarından biridir. Bu prinsip möminin Allah rizası üçün kimləri sevib dəstəkləməli (əl-vəla), kimlərdən isə əməli və ya etiqadi baxımdan uzaq durmalı olduğunu (əl-bəra) tənzimləyir. ...
Mömin hər şeydən əvvəl Allahın sevdiyini sevər, Allahın nifrət etdiyinə isə nifrət edər. İslam heç kəsə qarşı zülm etməyə və haqsızlıq göstərməyə icazə vermir. Lakin müsəlman küfrə, şirkə və Allahın dininə açıq düşmənçiliyə qarşı qəlbində nifrət bəsləməlidir. ...
İslam başqa bir təhlükə barədə ciddi xəbərdarlıq edir. ...
Davamını burda oxu: https://www.facebook.com/share/p/18qcseZFyU/
Post #751 102
Peyğəmbər ﷺ buyurmuşdur: “İnsan öz əcəli tamam olmadan və ruzisini tam almadan ölməz. Elə isə Allahdan qorxun və ruzinizi gözəl yollarla qazanın.” (Sahih əl-cəmi əs-sağir, 2085)
İnsanın ruzisi qaçılmaz olaraq ona çatacaqdır. Ona görə də insan Allahdan qorxmalı, haqq yolda möhkəm dayanmalı və ruzisini ən gözəl şəkildə qazanmağa çalışmalıdır. Yəni ruzini halal yollarla əldə etməyə çalışmalı, harama əl atmamalıdır. Çünki insan nə edirsə etsin, sonda yalnız Allahın onun üçün yazdığını əldə edəcəkdir.
“Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Hikmətlidir.” (Fatir surəsi, 2-ci ayə)
“Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Bəqara surəsi, 268-ci ayə)
Şeytanın səni Allah yolundan uzaqlaşdırmaq üçün qəlbinə saldığı gələcək qayğıları ilə özünü yorma. Hazırda Allahın səndən istədiyi işlə məşğul ol, Onun əmrlərinə riayət et. Sənə yazılan isə mütləq baş verəcək və sənə çatacaqdır. Bunda heç bir şübhə yoxdur.
Post #750 91
✅ NİYƏ RUZİ QAYĞISI MÖMİNİN QƏLBİNİ NARAHAT ETMƏMƏLİDİR?

Ruzi qazanmaq arzusu insanların çoxunu məşğul edən qayğılardandır. Gənc də bunun üçün çalışır, yaşlı da ona can atır. İnsanların qayğılarının, söhbətlərinin və gündəlik məşğuliyyətlərinin böyük hissəsi bu mövzunun ətrafında fırlanır. Lakin ağıllı mömin ruzi məsələsini Ruzi Verənə həvalə edəndir. Əziz qardaşım və bacım, sənin üçün təyin olunmuş ruzi həm zəif olduğun vaxtda, həm də güclü olduğun vaxtda sənə çatacaqdır. Elə isə artıq sənə təmin edilmiş bir şey üçün öz vaxtını narahatlıq içində keçirmə. Həyat davam etdiyi müddətdə ruzi şübhəsiz ki, gələcəkdir.
Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, saxlanılacaqları yeri də bilir. Hər şey açıq-aşkar Kitabda yazılmışdır.” (Hud surəsi, 6-cı ayə)
Sənin ruzin artıq müəyyən edilmişdir. Allahın sənin üçün təyin etdiyi ruzi hökmən sənə çatacaqdır – nə az, nə də çox. Ruzi axtarışında bütün qəlbinlə Allaha təvəkkül et, çalış və zəhmət göstər, lakin etibarını Yaradan və Səxavətli olan Allaha bağla. Təvəkkül heç vaxt səbəblərə əl atmamaq demək deyil. İbn əl-Qayyim “Mədəric əs-səlikin” əsərində deyir ki, təvəkkülün əsl mənası üç şeydən ibarətdir: çalışıb-vuruşmaq, ürəkdən Allaha güvənmək və bilmək ki, bu işlərin nəticəsi də Onun əlindədir. Yəni bir insan heç nə etmədən, sadəcə "mənə nə yazılıbsa, o olacaq" deyib əlini-qolunu bağlayıb otursa, bu, təvəkkül deyil – əksinə tənbəllik və acizlikdir. İbn əl-Qayyim hətta bunu çox sərt şəkildə qınayır: səbəbləri tamamilə inkar etmək, onlara əhəmiyyət verməmək – dindən uzaqlaşmaq və inancsızlıqdır, çünki bunu qəbul etsək, deməli Peyğəmbərin ﷺ göndərilməsinin insanları doğru yola yönəltməyə, saleh əməllərin isə Cənnətə aparmağa heç bir təsiri yoxdur – bu isə açıq-aydın yanlışdır. Deməli, doğru təvəkkül nə çalışmadan oturmaq, nə də yalnız öz gücünə güvənib Allahı unutmaqdır. Doğrusu budur: həm əlindən gələni et, həm də qəlbini Allaha bağla. Dünyəvi arzularına çatmaq üçün həddindən artıq hərislik göstərməkdən çəkin. Çünki bu, səni təvəkkül halından uzaqlaşdıra bilər. Nəticədə sən şəriətə zidd yollarla istəklərini həyata keçirməyə çalışarsan, yalnız zahiri səbəblərə güvənərsən və bütün işlərin Yaradan Allaha həvalə edilməli olduğunu unudarsan.
Qüdrətli Allah buyurur: “Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük və onların bir qismini digərindən dərəcələrlə üstün etdik.” (əz-Zuxruf surəsi, 32-ci ayə)
İnsanlar varlı və kasıb, güclü və zəif, sağlam və xəstə, evli və subay, övladı olan və olmayan kimi müxtəlif qruplara bölünüblər… Bu, insanların deyil, Uca Allahın təqdir etdiyi qismətdir. İnsan bunu dərk etsə, qəlbi rahatlıq tapar. Allahın nemət verdiyi insana qarşı qəlbində kin və həsəd yaranmaz. Başqalarına verilən nemətlərin onda olmamasına görə qüssə və kədərə düşməz. Çünki anlayar ki, hər şey Allahdandır və yalnız Allahın istədiyi baş verər. Allahın dilədiyi mütləq olar, diləmədiyi isə əsla olmaz. Öz Rəbbinə həqiqi şəkildə təvəkkül edən bəndə gələcək barədə həddindən artıq nigaran qalmaz. Başa düşər ki, onun vəzifəsi Allahın yolunda sabit qalmaq, bu həyatı Allah üçün yaşamaq və Ona itaətdə səbir göstərməkdir. Allah isə onun üçün istədiyi ruzini verər və onu öz qismətindən razı və məmnun edər.
Post #749 127
Təəssüf ki, ümmətin bir hissəsi elə bir hala gəlib ki, futbolda bir qeyri-müsəlmanın başqa bir qeyri-müsəlman üzərində qələbəsini öz qələbəsi kimi yaşayır.

Nə iman qazandı.
Nə bir qarış müsəlman torpağı azad olundu.
Nə bir məzlumun göz yaşı silindi.
Nə də Allahın dini izzət tapdı.

Amma sevinir...

Sanki böyük bir fəth baş verib.

Bu, qələbə deyil.
Bu, məğlub düşüncənin sevincidir.

Söhbət futbol oynamaqdan və ya oyuna baxmaqdan getmir. Problem odur ki, ümmətin izzət hissi stadionların nəticələrinə bağlanıb. Halbuki meydanda oynayanların da, onları idarə edən sistemlərin də ümmətin dərdi ilə heç bir əlaqəsi yoxdur.

Müsəlmanın sevinci Allahın dininin ucalması, haqqın yayılması və ümmətin izzət qazanması ilə olmalıdır. Əgər sevincimizin zirvəsi hansısa milli komandanın kubok qazanmasıdırsa, deməli, qəlblərimiz böyük hədəflərdən uzaqlaşıb, kiçik təsəllilərlə kifayətlənməyə öyrəşib.
Post #748 145
Sosial şəbəkələrdə Makiavellinin adından "İnsanı din ilə necə manipulyasiya edirlər?" başlıqlı bir video yayılır. Oradakı iddiaları təhlil edərkən islamofobların növbəti yalan və manipulyasiyası ifşa olundu.
1-ci hissə
2-ci hissə
3-cü hissə
4-cü hissə
Post #747 156
☑️ ƏGƏR UĞURUNU ONLAR ÖLÇÜRSƏ, MƏĞLUBİYYƏTİNİ DƏ ONLAR ELAN EDƏCƏK

Misirlə Argentina arasında keçirilən oyundan sonra hamı eyni mövzudan danışdı: hakimlərin qərəzi, FIFA-nın sükutu, siyasətin idmana sirayəti, ikili standartlar. Bunların hamısı doğrudur. Amma bundan daha vacib bir sual var və diqqətimizi əslində məhz bu sual cəlb etməlidir:
Niyə biz hələ də uğuru başqalarının qoyduğu meyarla ölçürük?
Əgər uğurun meyarını başqası müəyyən edirsə, deməli, məğlubiyyətinə də o qərar verəcək.
Bu gün "beynəlxalq nizam" adlandırdığımız sistem artıq öz mahiyyətini gizlətmir. Qəzzada baş verənlər, beynəlxalq hüququn seçici tətbiqi, xalis siyasi maraqdan doğan qərarlar, idmandakı ikili standartlar – bunların hamısı eyni həqiqəti göstərir: "universal və neytral beynəlxalq sistem" dediyimiz anlayış, gözəl adlandırılmış bir mifdən başqa bir şey deyil.
Buna baxmayaraq, insanların böyük əksəriyyəti hələ də öz dəyərini məhz həmin sistemin verdiyi qiymətlə müəyyənləşdirir: Neçə diplomun var? Neçə izləyicin var? Səni hansı qurum mükafatlandırıb? Komandan qalib gəldimi? Sənin haqqında nə düşündülər?
İnsanlara elə təlqin edilir ki, guya dəyərin pulunla, diplomunla, izləyici sayınla, kuboklarınla və başqalarının sənə verdiyi mükafatlarla ölçülür. Belə düşünən insan yavaş-yavaş öz həyatını başqasının yazdığı ssenari üzrə yaşamağa başlayır. O, sevinməsini də, kədərlənməsini də, özünə qiymət verməsini də başqalarının qərarına bağlayır.
Müsəlmanın isə bundan daha böyük məqsədi var. Onun üçün vacib suallar başqadır:
- Mən Allahın razılığına uyğun yaşayırammı?
- Faydalı elm əldə etmişəmmi?
- Haqqı müdafiə etmişəmmi?
- Zülmə qarşı sözümü demişəmmi?
- Ümmətimə fayda verən işlər görmüşəmmi?
Quranda insanın həqiqi dəyərinin nə ilə ölçüldüyü açıq şəkildə bildirilir. Uca Allah buyurur:
"Həqiqətən, Allah yanında sizin ən hörmətliniz Ondan ən çox qorxanınızdır." (əl-Hucurat surəsi, 13-cü ayə)
Deməli, Allah yanında insanın dəyərini müəyyən edən meyar var-dövləti, şöhrəti və ya insanların alqışı deyil; təqvası, imanı və saleh əməlləridir.
Əgər bu suallar həyatımızın mərkəzində deyilsə, qazandığımız bütün kuboklar belə bizi həqiqi uğura çatdırmayacaq. Əgər uğurunun yeganə göstəricisi başqalarının alqışıdırsa, bil ki, o əllər səni istədikləri gün göyə qaldırar, istədikləri gün də yerə çırpar. Sən, fərqinə varmadan, özünü başqasının əlində oyuncağa çevirirsən.
Burada söhbət idmana, elmə, peşəkar uğura və ya halal dünyəvi nailiyyətlərə qarşı çıxmaqdan getmir. İslam insanı işləməyə, elm öyrənməyə, güclü olmağa və bacardığı işdə ən yaxşısını etməyə təşviq edir. Problem bu nailiyyətlərin özündə deyil; problem onları həyatın əsas məqsədinə və insanın dəyərinin yeganə ölçüsünə çevirməkdədir.
Əsl azadlıq insanın öz dəyərini Allahın qoyduğu meyarlarla ölçməyə başladığı gün başlayır. Oyunu uduzmaq faciə deyil. Əsl faciə budur ki, insan bütün ömrünü başqasının qurduğu oyunda qalib gəlməyə xərcləsin və bunun heç vaxt həqiqi uğur olmadığını lap sonda anlasın.
Bizim qələbəmiz onların medalında, kubokunda və ya alqışında deyil. Bizim qələbəmiz faydalı elm öyrənməkdə, saleh əməllərdə, haqqı müdafiə etməkdə və ümmətə xidmət etməkdə, yəni Allahın razılığına aparan yoldadır.
Meydanı başqası seçəndə, qaydaları da başqası qoyanda – qalib gəlsən belə, əslində, yenə də onların oyununu oynamış olursan.
Post #746 128
✅ Dünya Kuboku və ümmət şüuru

Hər Dünya Çempionatında eyni mənzərə təkrarlanır. Milyonlarla insan ekran qarşısında nəfəsini tutur. Müsəlmanlar da bu coşqunun bir hissəsinə çevrilirlər. Kimisi Argentinaya, kimisi Mərakeşə, kimisi Türkiyəyə, kimisi başqa bir komandaya görə gecəsini gündüzünə qatır.
Bu yazıda vurğulamaq istədiyimiz problem odur ki, bəzi müsəlmanların sevinci adi idman azarkeşliyini aşaraq dini və ümmət şüuruna qarışır. Sosial şəbəkələrdə və gündəlik söhbətlərdə bəzən elə bir ab-hava yaranır ki, sanki hansısa "müsəlman ölkəsinin" qələbəsi ümmətin izzətinin bərpası deməkdir.
Müsəlmanların izzəti nə vaxtdan futbol meydanındakı hesabla ölçülməyə başladı?
Əgər sabah hansısa müsəlman ölkəsi Dünya Çempionu olsa:
– Şirk, bidət və günahlar yox olacaqmı?
– Fələstində işğal bitəcəkmi? Dünyanın başqa yerlərində müsəlmanların yaşadığı zülmlər sona çatacaqmı?
– Məscidlər dolacaqmı?
– Gənclər namaza qayıdacaqmı?
– Ümmət iman, elm və birlik baxımından güclənəcəkmi?
Əlbəttə ki, yox. Sadəcə milyonlarla insan bir neçə gün sevinc yaşayacaq. Sonra hər şey əvvəlki kimi davam edəcək. İnsanların qəlbində saxta bir qürur hissi yaranır. Sanki "biz qalib gəldik". Halbuki nə imanımız artdı, nə də Allah qatında dəyərimiz yüksəldi, nə də ümmətin vəziyyəti dəyişdi. Bir idman qələbəsi insanlara sevinc yaşada və müəyyən mənada ruh yüksəkliyi verə bilər. Lakin ümmətin dini, elmi və mənəvi problemlərini həll etməz. Əgər idman uğurunu ümmətin dirçəlişi ilə eyniləşdiririksə, onda həqiqi problemin harada olduğunu gözdən qaçırmış oluruq.
Qüdrətli Allah Quranda belə buyurur:
“Kim izzət istəyirsə, (bilsin ki,) bütün izzət ancaq Allaha məxsusdur.” (Fətır surəsi, 10-cu ayə)
Həqiqi izzət Allahın razılığını qazanmaqda, haqq dinə bağlı qalmaqda və Ona itaət etməkdədir.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir:
"Biz insanların ən zəlili idik. Allah bizi İslam ilə izzətli etdi. Biz nə vaxt izzəti ondan başqasında axtarsaq, Allah bizi yenidən zəlil edər." ("əl-Mustədrak alə əs-sahiheyn", 207)
Bu sözlər bu gün də ilk deyildiyi gün qədər həqiqətdir.
Ümmətin izzəti stadionlarda deyil. O, tövhiddədir. Sünnəyə tabe olmaqdadır. Elm öyrənməkdə və ona əməl etməkdədir. Allahın dininə kömək etməkdədir.
Ən acınacaqlısı isə budur ki, çoxlu müsəlmanlar futbolçulara elə bağlanırlar ki, sanki onlar ümmətin xilaskarlarıdır. Onların adlarını səhabələrdən daha yaxşı tanıyırlar, uğurlarına görə sevinir, məğlubiyyətlərinə görə kədərlənirlər. Onların formalarını geyinir, şəkillərini paylaşır, qollarına görə gecələrlə yatmırlar. Hətta elələri var ki, açıq şəkildə İslamın dəyərlərinə zidd mövqe tutan və ya müsəlmanlara zülm edən siyasətləri dəstəkləyən məşhurları belə kor-koranə sevir və müdafiə edirlər. Nə qədər qeyri-müsəlman idmançı milyonlarla müsəlman gəncin "qəhrəmanına" çevrilib. Bu necə qürurdur? Biz kimləri nümunə seçirik? Peyğəmbərləri, səhabələri və alimləri, yoxsa topun arxasınca qaçan məşhurları?
Bu, təkcə futbol məsələsi deyil. Bu, prioritetlər məsələsidir.
Düşmənlər çox yaxşı anlayırlar ki, imanlı, elmli və məqsədli ümmət təhlükəlidir. Amma diqqəti əyləncəyə, məşhurlara, bitməyən idman ehtirasına yönələn və boş qürura bağlanmış ümmət artıq özü özünü zəiflətmiş olur. Düşmən üçün təhlükəli olan, Dünya Kubokunda qalib gələn müsəlman deyil; təhlükəli olan, sübh namazına qalxan, Quranı və Sünnəni öyrənən, elm sahibi olan və Allahın dininə xidmət edən müsəlmandır. Çünki birincinin qələbəsi bir kubok gətirir, ikincinin yetişməsi isə bir ümməti dəyişdirə bilər.
Əlbəttə, futbol oynamaq və ya izləmək öz-özlüyündə haram deyil. Problem o zaman başlayır ki, əyləncə Allahın dinini, ibadəti, elmi və ümmətin dərdlərini insanın həyatında ikinci plana keçirir.
Unutmayaq: Ümmətin izzəti Dünya Kubokunu qazanmaqla deyil, Allahın dininə qayıtmaqla geri qayıdacaq.
Post #745 105
✅ İZZƏT SUNNƏYƏ TABE OLMAQDADIR

قال عمر بن الخطاب رضي الله عنه:

إنكم كنتم أذل الناس فأعزكم الله برسوله ‎ﷺ، فمهما تطلبوا العز بغيره يذلكم الله!

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir:

"Siz insanların ən zəlil vəziyyətində olanları idiniz. Allah sizi Öz Elçisi (Allahın ona salavatı və salamı olsun) vasitəsilə izzətləndirdi. Buna görə də nə vaxt izzəti ondan (yəni Allahın Elçisinin gətirdiyi dinindən) başqa bir şeydə axtarsanız, Allah sizi zəlil edər."

📚 Hilyətu əl-əuliyə, 1/47.
Post #743 175
☑️ Kərbəlanın unudulan şəhidləri

Kərbəla faciəsi İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Heç bir müsəlman Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) şəhid edilməsini yüngül saymaz. O, Peyğəmbərin ﷺ nəvəsi, Əhli-beytin böyük şəxsiyyətlərindən biri və İslam ümmətinin sevimli simalarından idi. İmam Hüseynin (Allah ondan razı olsun) Kərbəlada şəhid olması və onunla əlaqəli hadisələr barədə çoxlu mötəbər məlumatlar var. Bu mövzuda azğın insanların uydurduqları yalanlara tutarlı cavablar da mövcuddur. Bu mövzuda çoxlu insanların diqqətindən kənarda qalan məsələlərdən biri barədə qısa yazmaq istəyirik.
Kərbəla deyiləndə yaddaşlarda təkcə Hüseyn ibn Əli (Allah ondan razı olsun) canlanır. Lakin tarixi mənbələr göstərir ki, Aşura günü Hüseynlə birlikdə Bəni-Haşimdən təxminən iyirmi nəfər də şəhid olmuşdu – qardaşları, qardaşı oğulları və əmisi oğulları. Hətta şiə elminin özünün ən nüfuzlu klassik tarixçisi Şeyx Müfid "əl-İrşad" əsərində bu şəhidləri bir-bir sadalayır: Abbas, Cəfər, Abdullah və Osman – Ümmül-Bənin övladları; Übeydullah və Əbu Bəkr künyəsi ilə tanınan Muhəmməd əl-Əsğər – Leyla binti Məsudun övladları. Digər klassik tarixçilər (İbn Şəhr Aşub, İbn Əbil-Fəth əl-İrbəlli və başqaları) bu siyahıya daha bir qardaşı – Ömər ibn Əlini də əlavə edirlər.
Diqqət yetirin: bu, kənar bir mənbə yox, şiə elminin öz təməl mətnidir.
Burada düşündürücü bir sual yaranır: əgər Kərbəla faciəsinin mahiyyəti Əhli-beytə edilən zülmdürsə, nə üçün diqqət demək olar ki, tək bir adın ətrafında cəmlənir? Osman ibn Əli də, Əbu Bəkr ibn Əli də, Ömər ibn Əli də – eyni gündə, eyni səbəb üçün, eyni ailənin canından oldular. Onların adı niyə kölgədə qalır?
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz doğma övladlarına dəfələrlə Əbu Bəkr, Ömər və Osman adını (yaxud künyəsini) vermişdi. Ərəb mədəniyyətində ad qoymaq sevgi və hörmətin ifadəsidir; bu, təsadüf ola bilməz. Bu adları daşıyan övladlar da atalarının yolundan dönmədilər – əksinə, qardaşları Hüseynin yanında şəhid oldular. Bu gün bəzi dairələrdə qaçırılan adlar, əslində Kərbəlanın qanı ilə yazılıb.
Post #742 128
✅ Abdullah ibn Abbas (radıyAllahu anhumə) rəvayət edir ki:
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) aşura orucunu tutub, insanlara da onu tutmağı əmr etdiyində ona belə dedilər:
«Bu günü yəhudi və xristianlar təzim edirlər (oruc tuturlar)». Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi:
«İn-şəə-Allah gələn il aşura ilə bərabər doqquzuncu günü də tutarıq». Gələn aşura gəlməmiş Peyğəmbər (sallAllahu aleyhi və səlləm) vəfat etdi.“

📚 Sahih Muslim, 1916.


➖➖ ➖
Bu il Aşura günü (Məhərrəm ayının 10) iyun ayının 25-nə təsadüf edir.
Older posts →

About this channel

How can I read @azerisalaf without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for 🔹AzeriSalaf🔹: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does 🔹AzeriSalaf🔹 have?
🔹AzeriSalaf🔹 (@azerisalaf) has 279 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does 🔹AzeriSalaf🔹 know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →