(2-ci hissə)
Hər ailədə qaydalar və məhdudiyyətlər var. Heç kim inkar etmir ki, sərhədlər və qaydalar uşağın sağlam psixoloji inkişafı üçün vacibdir. Əks halda uşaqda narahatlıq, özünəinam çatışmazlığı və həyata uyğunlaşmaqda çətinlik yaranır. Əvvəlcə uşağa elektrik cərəyan mənbəyinə əl salmağa və isti ütüyə toxunmağa icazə vermirik. Sonra böyüklərin sözünü kəsməyi, yalnız şirniyyat yeməyi, daha sonra isə zərərli vərdişləri qadağan edirik. Hər ailənin (istər müsəlman, istər qeyri-müsəlman) öz qaydaları var: yeməkdə, geyimdə, davranışda. Biri uşağına çips yeməyi qadağan edir, digəri isə donuz ətini. Kimi uşağını müxtəlif dərnəklərə göndərir, kimi namaza alışdırır, kimi isə hər ikisini edir. Birinə görə oğurluq “uğur” sayılır, digərinə görə isə rüsvayçılıqdır. Valideyn istənilən halda uşağına öz dünyagörüşünü və əxlaqını ötürür.
Uşaq dişini fırçalamağı, dərman içməyi və ya paltarını dəyişməyi istəməyə bilər. Amma hansı valideyn “onu məcbur etmirəm” deyib geri çəkilir? Eyni şəkildə heç bir normal valideyn uşağa “özün qərar ver” deyib onu spirtə, narkotikə və ya təhlükəli həyata buraxmaz. Heç kim uşağa orta təhsil almağı “seçim” kimi təqdim etmir. Heç bir normal valideyn uşağa “istəsən adam öldür” demir; “isti idi deyə paltarsız çıxdı” deyib küçəyə buraxmır. Çünki normal valideyn nəticələri anlayır. Müsəlman valideyn də dinin tərk edilməsinin nəticələrini anlayır. Səmimi iman sahibi anlayır ki, ən böyük xoşbəxtlik Allahla yaxınlıqdır. O bilir ki, insan təkcə bu dünya üçün yaşamır və bir gün hesabat verəcək. Buna görə də uşağa verilən hər istiqamətin əhəmiyyətini anlayır. O başa düşür ki, uşağa İslam dinini öyrətməmək onun həm dünya, həm də axirət həyatına zərər verir. Din uşağa yük deyil. Din onu qoruyan çərçivədir. Necə ki yol qaydaları sürücünü məhdudlaşdırmaq üçün deyil, onu qorumaq üçün qoyulub, dini qaydalar da insanı sıxmaq üçün deyil, onu qorumaq və istiqamətləndirmək üçündür.
Müasir dünya uşağa çox şeyi öyrətməyə hazırdır: necə pul qazanmalı, necə rəqabət aparmalı, necə məşhur olmalı və necə diqqət çəkməli. Amma ən vacib sual çox vaxt cavabsız qalır: insan niyə yaşayır? İslam dini bu suala cavab verir. Buna görə də mömin valideyn övladına dini öyrədəndə bunu “məhdudlaşdırmaq” kimi yox, onu mənasızlıqdan, daxili boşluqdan və ruhsuz həyat tərzindən qorumaq kimi görür. Mömin valideyn anlayır ki, övlad yalnız cəmiyyət üçün deyil, Allahın qarşısına çıxacaq bir insan kimi yetişdirilməlidir. Buna görə ona namazı, həyanı, halal və haramı öyrədir. Buna görə hicabı sadəcə geyim kimi yox, iffət və itaət anlayışı kimi izah edir. Bu, uşağın həyatını əlindən almaq deyil — ona istiqamət verməkdir. Çünki uşaq özbaşına böyümür. Əgər valideyn onu formalaşdırmasa, onu küçə, sosial şəbəkələr, trendlər və nəfsi istəklər formalaşdıracaq.
Bu gün əksər valideynlər övladının rahat həyatı üçün gecə-gündüz çalışırlar, onu kurslara, müəllim yanına, idmana göndərirlər, yorulurlar, əziyyət çəkirlər – amma onun qəlbini kimə bağladıqları barədə düşünmürlər. Halbuki insanın ən böyük faciəsi kasıb yaşamaq deyil. Ən böyük faciə Allahdan uzaq yaşamaqdır.
Post #760
49