(3-cü hissə)
Bu gün dünyada baş verən bəzi hadisələr sadəcə xəbər deyil – bunlar xəbərdarlıqdır. Məktəbdə zorakılıq və xüsusilə silahlı hücum kimi hadisələr hər bir cəmiyyət üçün çox ciddi təhlükədir. Şagirdin məktəbə silahla daxil olub günahsız insanlara zərər verməsi tək bir insanın problemi deyil. Bu, bütöv bir tərbiyə sisteminin haradasa çatladığını göstərən bir siqnaldır. Bu nöqtəyə necə gəlinir? Bu cür hücumlar adətən bir neçə faktorun birləşməsi ilə əlaqəli olur: psixoloji travmalar və ya ruhi problemlər, sosial təcrid və ya zorakılığa məruz qalma, ailə mühiti, aqressiv məzmunlara məruz qalma, sosial əlaqələrin zəifliyi və mənasızlıq hissi. Bütün bunların altında ortaq bir boşluq var: mənəvi dayağın olmaması.
İnsan qatillik hissi ilə doğulmur. Onu bu hala gətirən bir proses var. Və o proses çox vaxt qəlbin boş qalması ilə başlayır.
Şübhəsiz ki, düzgün dini və əxlaqi tərbiyə insanı pislikdən çəkindirən ən güclü amildir. İslam dini insanın daxilində məsuliyyət, mərhəmət və hesabat hissi formalaşdırır. Sağlam cəmiyyət yalnız qanunla deyil, əxlaq, mərhəmət və məsuliyyət üzərində qurulur. İslam insanı yalnız zahiri davranışlarla deyil, daxili aləmi ilə tərbiyə edir. İnsanın daxilində Allah qorxusu, məsuliyyət hissi və haqq anlayışı olmadıqda, o, nəzarətsiz qalır. Bu baxımdan baxdıqda, bəzi gənclərin həyatın mənasını bilməməsi, mərhəmət hissini itirməsi, insan həyatının dəyərini anlamaması, aqressiya və nifrətə meylli olması sadəcə sosial problem deyil – bu, mənəvi zəifləmənin əlamətidir. Onlara yalnız informasiya verilib, amma mənəvi istiqamət verilməyib. Bu gün ailə zəifləyib, tərbiyə formal qalıb, qəlblər boş buraxılıb. Və boş qalan qəlb boş qalmır. Düzgün dini tərbiyə insana üç əsas şey qazandırır:
- Allah qarşısında məsuliyyət hissi
- insanlara qarşı mərhəmət və ədalət
- öz nəfsinə nəzarət
Bu xüsusiyyətlər olmadan insan nə qədər təhsilli olsa da, daxilən boş qala bilər. Diplom insanı yaxşı etmir. Bilik tək başına insanı dayandırmır. Tarix boyu böyük alimlər də bunu vurğulayıb: elm əxlaqla birlikdə olmadıqda, fayda vermir. Burada bir həqiqəti də dürüstcəsinə qeyd etmək lazımdır: dini mühitdə böyüyən hər insan avtomatik olaraq etibarlı olmur. Dini tərbiyə yalnız məlumatdan ibarət deyil. Özünə sadəcə müsəlman demək kifayət deyil – İslam dinini yaşamaq, onu olduğu kimi öyrənib tətbiq etmək lazımdır.
Uşaq təkcə dərs oxuyan varlıq deyil. O, ruhu olan insandır. Əgər bu ruh düzgün istiqamət almazsa, başqa təsirlər (sosial media, aqressiv oyunlar, mənasız pop mədəniyyəti və s.) onu formalaşdıracaq. Uşağın qəlbi boş torpaq kimidir. Ora nə əkilərsə, o bitər. Buna görə valideynlər uşağın təkcə dərsinə yox, əxlaqına da diqqət etməlidir, məktəblər yalnız bilik yox, dəyər də verməlidir, gənclərə həyatın məqsədi izah olunmalıdır. İnsan nə üçün yaşadığını anlamadıqda, həyat mənasız görünür. Mənasızlıq isə çox vaxt təhlükəli istiqamətlərə aparır. Bəzən insanlar belə hadisələri izah edərkən müxtəlif şübhələr və ittihamlar irəli sürürlər. Amma əsas məsələ öz məsuliyyətimizi anlamaqdır. Biz öz ailəmizdə, öz mühitimizdə nə edirik? Uşaqlarımıza nə veririk? Onların qəlbini nə ilə doldururuq?
Bu hadisələr təsadüf deyil. Bunlar nəticədir. Əgər biz qəlbi unuduruqsa, tərbiyəni ikinci plana atırıqsa, dini və mənəvi dəyərləri zəiflədiriksə onda nəticələr də ağır olacaq.
Əgər biz həqiqətən belə faciələrin qarşısını almaq istəyiriksə, onda qəlbləri iman və əxlaqla doldurmalı, gənclərə məsuliyyət və mərhəmət öyrətməli, dini və mənəvi tərbiyəni ciddi şəkildə ön plana çıxarmalıyıq. Çünki insanı həqiqətən saxlayan Allah qarşısında cavabdehlik hissidir.
Post #761
62