✅ DİNİ TƏRBİYƏ ƏTRAFINDA İKİLİ STANDARTLAR
(1-ci hissə)
Müasir zamanda cəmiyyətimizdə bir sıra ciddi ziddiyyətlər var. Onlardan biri uşaqların tərbiyəsi ilə bağlıdır. Əgər valideyn uşağa “dürüst ol”, “yalan danışma”, “oğurluq pisdir”, “insanlara hörmət et”, “həyatda məqsəd qur”, “filan ideologiya doğrudur” öyrədərsə, buna “tərbiyə”, “dəyər aşılamaq”, “şəxsiyyət formalaşdırmaq” deyilir. Amma müsəlman valideyn Allahı tanıtmaq, namazı öyrətmək, halal-haram anlayışı vermək, Quran və Peyğəmbər sevgisi aşılamaq istəyəndə birdən-birə buna “təzyiq”, “beyin yuma”, “uşağın seçim haqqını əlindən almaq” deyənlər çıxır.
Özünü müsəlman adlandırıb, amma dinini öyrənməyən bir çox valideyn belə deyir: “Uşağa dini öyrətmək tezdir”, “Qoy böyüsün, özü seçsin”. Amma eyni insanlar uşağa iki yaşından ingilis dili öyrədir, üç yaşından riyaziyyata başlayır, dörd yaşından idmana yazdırır. Heç kim demir: “Qoy uşaq 18 yaşına çatanda özü qərar versin – oxumaq istəyir ya yox?” və ya “Qoy özü seçsin – aqressiv olsun ya hörmətli?” Çünki hamı bilir ki, heç bir uşaq heç vaxt “tam boş”, təsirsiz mühitdə böyümür. Hər bir uşaq bir dünya görüşü ilə formalaşır. Ya valideyn onu yetişdirir, ya da mühit onu formalaşdırır. Üçüncü variant yoxdur. “Uşaq böyüsün, özü seçsin” şüarı neytral mövqe deyil. Çünki həmin uşağa paralel şəkildə artıq müəyyən həyat tərzi, düşüncə sistemi, əxlaq modeli, hətta dinə münasibət də ötürülür. Yəni məsələ “təsir etməmək” deyil; məsələ hansı təsirin qəbul ediləcəyidir.
Maraqlıdır ki, insanlar uşağa ateizmi, liberal dünyagörüşünü, materialist həyat anlayışını, müəyyən sosial fikirləri erkən yaşdan aşılamağa çox vaxt “maarifçilik” deyirlər. Amma eyni hüququ müsəlman valideyn istifadə edəndə bunu problem kimi göstərirlər. Əslində valideynin öz inandığı həqiqəti övladına öyrətməsi təbii bir şeydir. Bu yalnız müsəlmanlara aid deyil – bütün insanlar bunu edir. Çünki insan sevdiyi, doğru bildiyi şeyi övladına vermək istəyir. Hər səmimi müsəlman üçün də din sadəcə ənənə və ya mədəniyyət deyil. Din həyatın mənasıdır. Namaz sadəcə ritual deyil, hicab sadəcə parça deyil, halal və haram sadəcə qaydalar deyil. Bunlar insanı qoruyan və istiqamətləndirən bir sistemdir.
Əgər bir valideynin övladına öz dünyagörüşünü, əxlaqını, həyat prinsipini öyrətməsi normaldırsa, niyə müsəlman valideyn bunu edəndə problemə çevrilir?!
Bəzi valideynlər belə deyir: “din məcburiyyət olmamalıdır”, “uşağa təzyiq etmək olmaz”. Bəli, doğrudur. Amma burada mühüm bir fərq var: təzyiq başqa şeydir, tərbiyə başqa. Uşağa “dişini fırçala”, “məktəbə get”, “pis söz danışma” demək təzyiq sayılmır. Bunlar tərbiyədir. Eyni şəkildə uşağı namaza alışdırmaq, hicabın mənasını izah etmək, halal və haramı öyrətmək də tərbiyədir.
Əgər “uşaq özü seçsin” prinsipi həqiqətən ardıcıl şəkildə tətbiq olunsaydı, onda valideyn uşağa heç bir qadağa qoymaz, təhsili məcburi etməz, telefonu məhdudlaşdırmaz, onu pis mühitdən uzaq tutmağa çalışmazdı. Amma heç kim belə etmir. Çünki hamı bilir ki, uşaq hələ tam şüurlu və yetkin seçim edə biləcək vəziyyətdə deyil.
Uşağa saatlarla ekran qarşısında qalmağı, məşhurlara kor-koranə bağlılığı, erkən yaşdan trend mədəniyyətini, aqressiv rəqabəti aşılamaq “normal modern həyat” sayılır; amma Allah qorxusu, ibadət, həya, məsuliyyət və axirət düşüncəsi öyrədiləndə bunu “gerilik” kimi təqdim edənlər olur. Halbuki tarix boyu bütün cəmiyyətlər öz dəyərlərini yeni nəslə ötürüblər. Dəyərlər ötürülməsə, cəmiyyət dağılır. Sual yalnız budur: “hansı dəyərlər ötürüləcək?”
Post #759
48