✅ NİYƏ RUZİ QAYĞISI MÖMİNİN QƏLBİNİ NARAHAT ETMƏMƏLİDİR?
Ruzi qazanmaq arzusu insanların çoxunu məşğul edən qayğılardandır. Gənc də bunun üçün çalışır, yaşlı da ona can atır. İnsanların qayğılarının, söhbətlərinin və gündəlik məşğuliyyətlərinin böyük hissəsi bu mövzunun ətrafında fırlanır. Lakin ağıllı mömin ruzi məsələsini Ruzi Verənə həvalə edəndir. Əziz qardaşım və bacım, sənin üçün təyin olunmuş ruzi həm zəif olduğun vaxtda, həm də güclü olduğun vaxtda sənə çatacaqdır. Elə isə artıq sənə təmin edilmiş bir şey üçün öz vaxtını narahatlıq içində keçirmə. Həyat davam etdiyi müddətdə ruzi şübhəsiz ki, gələcəkdir.
Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, saxlanılacaqları yeri də bilir. Hər şey açıq-aşkar Kitabda yazılmışdır.” (Hud surəsi, 6-cı ayə)
Sənin ruzin artıq müəyyən edilmişdir. Allahın sənin üçün təyin etdiyi ruzi hökmən sənə çatacaqdır – nə az, nə də çox. Ruzi axtarışında bütün qəlbinlə Allaha təvəkkül et, çalış və zəhmət göstər, lakin etibarını Yaradan və Səxavətli olan Allaha bağla. Təvəkkül heç vaxt səbəblərə əl atmamaq demək deyil. İbn əl-Qayyim “Mədəric əs-səlikin” əsərində deyir ki, təvəkkülün əsl mənası üç şeydən ibarətdir: çalışıb-vuruşmaq, ürəkdən Allaha güvənmək və bilmək ki, bu işlərin nəticəsi də Onun əlindədir. Yəni bir insan heç nə etmədən, sadəcə "mənə nə yazılıbsa, o olacaq" deyib əlini-qolunu bağlayıb otursa, bu, təvəkkül deyil – əksinə tənbəllik və acizlikdir. İbn əl-Qayyim hətta bunu çox sərt şəkildə qınayır: səbəbləri tamamilə inkar etmək, onlara əhəmiyyət verməmək – dindən uzaqlaşmaq və inancsızlıqdır, çünki bunu qəbul etsək, deməli Peyğəmbərin ﷺ göndərilməsinin insanları doğru yola yönəltməyə, saleh əməllərin isə Cənnətə aparmağa heç bir təsiri yoxdur – bu isə açıq-aydın yanlışdır. Deməli, doğru təvəkkül nə çalışmadan oturmaq, nə də yalnız öz gücünə güvənib Allahı unutmaqdır. Doğrusu budur: həm əlindən gələni et, həm də qəlbini Allaha bağla. Dünyəvi arzularına çatmaq üçün həddindən artıq hərislik göstərməkdən çəkin. Çünki bu, səni təvəkkül halından uzaqlaşdıra bilər. Nəticədə sən şəriətə zidd yollarla istəklərini həyata keçirməyə çalışarsan, yalnız zahiri səbəblərə güvənərsən və bütün işlərin Yaradan Allaha həvalə edilməli olduğunu unudarsan.
Qüdrətli Allah buyurur: “Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük və onların bir qismini digərindən dərəcələrlə üstün etdik.” (əz-Zuxruf surəsi, 32-ci ayə)
İnsanlar varlı və kasıb, güclü və zəif, sağlam və xəstə, evli və subay, övladı olan və olmayan kimi müxtəlif qruplara bölünüblər… Bu, insanların deyil, Uca Allahın təqdir etdiyi qismətdir. İnsan bunu dərk etsə, qəlbi rahatlıq tapar. Allahın nemət verdiyi insana qarşı qəlbində kin və həsəd yaranmaz. Başqalarına verilən nemətlərin onda olmamasına görə qüssə və kədərə düşməz. Çünki anlayar ki, hər şey Allahdandır və yalnız Allahın istədiyi baş verər. Allahın dilədiyi mütləq olar, diləmədiyi isə əsla olmaz. Öz Rəbbinə həqiqi şəkildə təvəkkül edən bəndə gələcək barədə həddindən artıq nigaran qalmaz. Başa düşər ki, onun vəzifəsi Allahın yolunda sabit qalmaq, bu həyatı Allah üçün yaşamaq və Ona itaətdə səbir göstərməkdir. Allah isə onun üçün istədiyi ruzini verər və onu öz qismətindən razı və məmnun edər.
Post #750
91