TGViewer
Channel Public Channel
✍️ İslami Məqalələr

✍️ İslami Məqalələr

@meqale_faydalar

✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşa

Sual və təklifləriniz üçün əlaqə:
@hedis_admin

Digər kanalımız: https://t.me/hedis_oxu
Subscribers
293
Photos
0
Videos
0
Links
112
Recent Posts 20 shown
Post #147 1.72K
❗Nə üçün "hicab"?

📌 “Azərbaycan qadını çadranı atanda "müasirləşirik" - deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür ki, papağımı tapa bilmirəm...”

Cəlil Məmmədquluzadəyə aid edilən bu ifadə heç də təsadüfi deyilməmişdir. Çünki örtük məsələsi ilə cəmiyyətin mənəvi dəyərləri əlaqəsinə diqqət çəkmişdir. Müsəlman qadın üçün hicab hər şeydən əvvəl Allahın əmrinə itaətin və dini kimliyin ifadəsidir. Hicab qadının dini məsuliyyətidir; həya və iffəti qorumaq isə həm qadının, həm də kişinin borcudur. Hicab qadınların örtüyü olduğu kimi, kişilərin də namusudur.

Sovet dövründə çadraya qarşı aparılan təbliğat dini örtüyü geriliyin əlaməti kimi təqdim edirdi. Bu yanaşmanın təsiri sonrakı illərdə də hiss olundu.
Məsələ yalnız geyimlə məhdudlaşmırdı: dini həyat tərzinə münasibət və insanların öz inanclarına bağlılığı da bu təbliğatın hədəfində idi.

Günümüzdə də bəzi media məzmunlarında və ictimai müzakirələrdə hicabın müasir həyata maneə kimi göstərildiyini görürük. Dini və milli-mənəvi dəyərlərin “köhnəlmiş” kimi təqdim olunması insanların həmin dəyərlərə münasibətini dəyişə bilər. Halbuki təhsil almaq, inkişaf etmək və cəmiyyətə fayda vermək dini kimlikdən uzaqlaşmağı gərəkli etmir.

Qərbdə kök salmış, sonradan bütün dünyaya nüfuz etmiş kapitalizmin insan bədənini reklam və qazanc vasitəsinə çevirən kommersiya yanaşmaları da həya və iffət kimi dəyərləri məhv edə bilir. Belə məzmunların davamlı şəkildə yayılması onların adi və qəbulolunan görünməsinə şərait yaradır. Bu isə qərbin müsəlman cəmiyyətlərinə qarşı açdığı fikir savaşıdır. Təəssüf ki, bir çox müsəlman cəmiyyətlərində bu savaş uğur qazanmış və qazanmaqdadır. Buna səbəb isə müsəlman toplumunun bir çoxunun öz dinindən bixəbər olması, milli-mənəvi dəyərlərinə bağlı olmaması və onların ideal göstərdiyi qərb mədəniyyətinə rəğbət göstərməsidir.

Başqa cəmiyyətlərin elmindən və faydalı təcrübəsindən öyrənmək təbiidir. Lakin bizlər cəmiyyət və millət olaraq öz dinimizə, tariximizə, ənənələrimizə sadiq olmalı, qərbin bu çirkin siyasətinə aldanmamalıyıq. Bilməliyik ki, bizim də dünyaya təqdim edəcəyimiz zəngin mənəvi irsimiz vardır.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #143 125
🚿 Cümə qüslu ilə cənabət qüslunu cəm etməyin hökmü

🔸 Cənabət qüslu ilə cümə qüslunun hər ikisini niyyət edərək bir qüslun içərisində almaq dörd məzhəbin hər birinin (Hənəfi, Maliki, Şafi və Hənbəli) ittifaqı ilə icazəlidir. Hətta bunda icmanın olduğu da deyilmişdir. İbn Qudəmə (Allah ona rəhmət etsin) bu barədə demişdir: “Əgər bir şəxs cümə günü üçün və cənabət halından çıxmaq üçün bir dəfə qüsl alıb hər ikisini niyyət etsə, bu, kifayət edər və bu mövzuda hər hansı bir ixtilaf bilmirik. Bu, İbn Ömər, Mücahid, Məkhul, Malik, Sovri, Əvzai, Şafi və Əbu Sovr tərəfindən də rəvayət edilmişdir” (Əl-Muğni: 2/257,258).

İlk olaraq, bu əməlin icazəli olmasına dair sünnədən dəlil Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdir ki, bu hədisə Allah Rəsulu ﷺ buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərə görədir və hər kəsə niyyətinə görə verilir” (Buxari: 1).

İkincisi: Bu iki qüsl arasında ziddiyyət yoxdur, necə ki, bir şəxsin fərz namazını və məscid salamlama namazını niyyət edərək eyni namazı qılması kimi.

Üçüncüsü: Bu iki qüslun bir araya gəlməsi, heyz və cənabət qüslunu bir arada almağa bənzəyir ki, bu da icazəlidir.

✅ Nəticə olaraq deyilir ki, cümə günü cənabət halında olan kəs cümə namazına getmədən öncə hər iki qüsla niyyət edərək, bir qüslun içərisində qüsl ala bilər.

📍Qeyd: Cənabət qüsluna deyil, bir tək cümə qüsluna niyyət edilərsə, bu, insanı cünub halından çıxarmır və cümə qüslu bunu əvəz etmir. Üzərində cənabət olan kəs mütləq olaraq cənabət qüsluna niyyət etməlidir.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #142 223
💥 Gizlində günahlar edirəm, necə qurtulum?

🔸İnsan zəif xəlq edildiyi üçün onun iradəsi də zəifdir. Bu isə insanlardan ayrı, uzaq bir məkanda, təklikdə olarkən daha çox özünü biruzə verir. Adətən insan təklikdə olarkən şeytan üçün vəsvəsə qapıları daha çox açılmış olur, hücumları daha da çoxalır.
Məlum olduğu üzərə adətən şeytan insana iki qapıdan yaxınlaşır: şübhələr və şəhvətlər qapısından. Əgər qul şübhələrə qarşı sabit olarsa, lakin, şəhvətlərə qarşı zəiflik göstərərsə, şeytan ona məhz bu qapıdan yaxınlaşar. Yox, əgər şəhvətlərə qarşı dözümlü, sabit olar, lakin, şübhələrə tez düşərsə, bu halda da şübhələr qapısından daxil olar və bunun üçün bütün gücünü sərf edər.
Beləliklə, qulda bu qapılardan hansı birində zəiflik olarsa, şeytan üçün həmən qapıdan insana yaxınlaşmaq daha da asanlaşar.
Buna görə də, şəhvətlər tərəfindən zəif olanlar bu qapını şeytana açmamaq üçün xüsusən təklikdə qalmaqdan çəkinməlidirlər. Çünki, insan adətən camaat içərisində olarkən hər hansı bir eyib əməl, günah etməkdən həya edib çəkinir. Lakin, təklikdə isə onu heç kəs görmədiyi üçün bu günaha düşmək ehtimalı onun üçün böyüyür.

🎙Şeyx Abdur-Razzaq əl-Bədr (Allah onu qorusun) dərslərinin birində bu barədə danışarkən bir şəxsin başına gələn hadisəni zikr edir. Həmən şəxs bir dəfə təkliyə, öz otağına çəkilib, yatağında haram olan şeyləri izləyirmiş. Bu an qapı tərpənir və səs eşidir. Həmən şəxs dərhal özünü toparlayır, telefonu bağlayır və qəlbinə qorxu, həyəcan düşür. Qalxıb həmən səsin nə olduğunu baxmaq istədikdə görür ki, məgər qapını tərpədən pişik balası imiş. Onun qorxub çəkindiyi şey pişik imiş.
Bu qissə həqiqətən düşünüb ibrət alan mömin üçün bir ibrətdir. Çünki, həmən şəxs Rəbbinin onu görməsini ən aşağı səviyyəyə endirmiş oldu. Hansı ki, onun ən çox utanıb həya edəcəyi hər yerdə Görən və Eşidən, gizlini və aşkarı Bilən Allah olmalı idi. Uca Allah bu haqda belə buyurur: {Onlar insanlardan gizlədir, Allahdan isə gizlətmirlər...} [Nisə: 108].

👉 Xəlvətdə günah edən kəs tez bir zamanda Rəbbinə tərəf qayıtmalı, bu əməlindən tövbə etməlidir. Çünki:
1) İnsan nə zaman öləcəyini bilmir və buna da yəqindir ki, yaşadığı həyatda Rəbbi hər an onun canını ala bilər. Mömin bir kəsin günah üzərində bu dünyadan köçməsi isə, nəticə etibarilə onun bu dünyadan pis bir əməllə köçüb, pis əməl üzərində Rəbbi ilə qarşılaşmasına səbəb ola bilər. Çünki, Allahın elçisi ﷺ buyurmuşdur ki, həqiqətən əməllər sonluğa görədir. İnsan hansı əməl üzərində bu dünyadan köçərsə, Qiyamət günü də məhz o əməl üzərində həşr olunar.
Elə isə mömin pis sonluq üzərində ölməmək üçün bu günahından dərhal qayıtmalı, Rəbbinə tövbə etməlidir.
2) Gizlində edilən günahlar əməllərin puç olmasına səbəbdir. Çünki, Peyğəmbərimiz ﷺ xəlvətdə günah edən kəslərin Qiyamət günü dağlar qədər savablarla gəlib, Allahın onların bu savablarını toz dənəciklərinə çevirəcəyini bizlərə xəbər vermişdir.

📌 Gizlində edinlən günahların bu dünyada olan digər zərərləri də vardır ki, biz axirət ilə bağlı əsas zərərlərini zikr etdik.
Sonda isə mömin daima bu barədə sələflərdən varid olan bu deyimi xatırlamalıdır: "Allahın görməsini görənlər içərisində ən aşağı etmə"

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #141 187
🕌 Məscid ədəbi - Allahın evində səs-küy salmağın qadağan olunması

🔸Məscidlər Allahın evləridir və Allahın evinə daxil olarkən hər bir müsəlmanın riayət etməsi gərəkən məscid ədəbləri vardır. O ədəblərdən də biri məsciddə olarkən yüksək səslə danışmamaq, zəruri ehtiyac olmadan kiminləsə məscid daxilində söhbət etməməkdir. Çünki, yüksək səs və həmçinin digər edilən söhbətlər namaz qılan, zikr edən, Quran oxuyan müsəlmanlar üçün narahatçılıq yaradır, onların xuşusuna mənfi təsir edir.

Təəssüf ki, bu gün müsəlmanlar bir çox hallarda məscid ədəblərinə riayət etməyərək məscid daxilində yüksək səslə danışır, bir-biriləri ilə söhbət edir və nəticədə məscidin sükunətini pozaraq təşviş yaradırlar. Lakin, bilmək lazımdır ki, bu əməl haramdır. Təbii ki, məscidə gələn hər bir müsəlmanın niyyəti məsciddən savab ilə ayrılmaqdır ki, bəzi hallarda bu ədəblərə riayət etmədən həmən savabı azaldır, yaxud ümumiyyətlə savabdan məhrum olaraq məscidi günah üzərində tərk edir.

Ümumiyyətlə, məscidlərdə səs-küy salmağın qadağan olunmasına aid istər Peyğəmbərimizin ﷺ hədislərində, istərsə də səhabələrin, sələflərin həyatından bir çox misallar vardır.

📜 Allah Rəsulu ﷺ bir dəfə məsciddə camaatla namaz qılarkən məscid daxilində səs-küy eşidir. Namazı bitirdikdən sonra çevrilərək səs-küy salanların kim olmasını soruşur. Səs-küy salanlar namazın rükətinə yetişmələri üçün tələsik gəldiklərinə görə belə etdiklərini xəbər verirlər. Lakin, Allah Rəsulu ﷺ onlara bir də belə etməmələrini və namaza sakin halda, təmkinlə gəlmələrini, hansı rükətə yetişərlərsə namaza qoşulmalarını əmr edir.
Bu qissə ondan xəbər verir ki, hətta namaza belə tələsərək, səs-küylü halda gəlmək qadağan edilmişdir. Baxmayaraq ki, namaz xeyir əməllərdəndir.

📜 Ömər ibn Xəttabın (Allah ondan razı olsun) xilafəti dönəmində də məsciddə iki nəfər şəxs yüksək səslə danışmağa başlayırlar. Ömər onları dərhal yanına çağırtdıraraq onların haradan gəldiklərini xəbər alır. Onlar özlərinin Mədinəli deyil, başqa yerdən gəldiklərini deyirlər. Ömər onlara deyir ki, əgər Mədinə əhlindən olsaydınız sizi cəzalandırardım.

✅ Bütün bunlar onu göstərir ki, Allahın evləri yalnız namaz qılmaq, Onu zikr etmək, Quran oxumaq üçün inşa edilmişdir. Möminə də yaraşan məsciddə olarkən səs-küy salmadan bu xeyir əməllərlə məşğul olmaqdır.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #140 197
📚 Məşğuliyyətlərin çox olduğu bir vaxtda elm tələb etmək.

🔸Həqiqətən məşğuliyyətlərin, sosiallaşmanın, işlərin, xüsusən də fitnələrin çoxaldığı bir vaxtda elm tələb etmək Allah tərəfindən insana verilən ən böyük nemətlərdəndir. Çünki, bu qədər məşğuliyyətlərin, fitnələrin artdığı zamanda elm üçün vaxt ayırmaq insandan böyük bir əzmkarlıq, kəsintisiz iradə, qətiyyət tələb edir. Bunu isə hər insan bacara bilmir. Xüsusən də gənclik dönəmində bütün digər əyləncələri, şəhvətləri tərk edib Allahın dinini öyrənməyə vaxt ayıranlar mücahidlərdir və uca Allah onları Öz yoluna yönləndirər, o yolda sabit edər. Uca Allah buyurur: ﴾Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik﴿ [Ənkəbut: 69].

👉 Elə isə bu yolda səbr et! Bil ki, səni buna müvəffəq edən yalnız Allahdır! Allah səni milyonların içərisindən seçmişdir. Sənə verilən bu nemətin qədrini bil və dəyərləndir! Əks halda, nemətin şükrü ödənilməzsə, o nemətin davamlı olması sual altındadır...

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #139 281
❓Sual: Əzan və iqamə vermək qadınlara vacibdirmi?

✍️ Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

⁉️ Cavab: Qadına əzan və iqamə vermək vacib deyildir. Çünki, azan və iqamə səsli şəkildə olması gərəklidir, qadınlara isə səslərini qısmaq və gizlətmək əmr olunmuşdur. Hətta, imam namazda xəta etdiyi zaman imama səsi ilə düzəliş etmir, əlini əlinin üzərinə vurur, çünki Rəsulullah ﷺ buyurmuşdur ki: "Siz namazınızda bir şeyi çatdırmaq (imama düzəliş vermək) istəsəniz kişilər təsbih etsin (subhənAllah desin), qadınlar isə əlini əlinin üzərinə vursun".
Lakin, bu kəlmə isə - qadınlar kişilərin yarıdır (doğmaları, əzizləridir) - hansı ki, bu kəlmə ilə bəzən qadınları kişilər ilə eyni dərəcədə tutmaq üçün Uca Allahın kövni və şəri qoyduğu yola müxalif olurlar, bu kəlimə haqqdır, lakin bununla batil istənilir; Uca Allah isə kişiləri və qadınları həm yaradılış olaraq, həm xasiyyət olaraq, həm də dini məsələlərdə ayırmışdır. Səhabələr dedilər ki: "Ey Allahın Elçisi, qadınların dinindəki olan nöqsanı nədir? Rəsulullah ﷺ dedi ki: "Qadınlar heyz olduqları zaman namaz qılmayıb, oruc tutmurlar", səhabələr soruşdular: "Ey Allahın Elçisi, ağıllarındakı nöqsan nədir? Rəsulullah ﷺ dedi: "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir".
Hətta kişi ilə qadın arasında səs fərqliliyi var. Güc-qüvvət, ağır səs tonu kişi ilə qadın arasında fərqlidir. Ağıl, təfəkkür kişi ilə qadın arasında fərqlənir. Hətta, şəri məsələlərdə belə fərqlilik var: əqiq qurbanı oğlan uşağı üçün iki ədəd, qız uşağı üçün bir ədəd kəsilir, qan bahasında qadının qan bahası kişinin qan bahasının yarısına bərabərdir, qul azad etməkdə əgər bir kişi və bir qadın azad edilərsə, bir kişinin azad edilməsi iki qadın azad edilməsi qarşılığında olur».

📼 (Silsilətu Fətə'va Nurun Aləd-Dərb/Kaset no: 374; Şeyx Muhəmməd Saleh ibn Useymin).

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #138 315
⁉️ Nə üçün mən kafir, yaxud müsəlman olaraq yaradıldım, digərləri isə deyil?

🔖 Bu sualı əgər müsəlman biri verərsə, bunun cavabı asandır.
Əgər kafir biri verərsə, bunun cavabı daha da asandır.

Müsəlman birisinin verdiyi bu suala cavab olaraq deyirik ki, əgər səni Allah müsəlman olaraq yaradıbsa, o zaman Allaha həmd-səna et! Allah səni milyonların içərisindən seçərək sənə hidayət neməti bəxş etmiş, Öz yoluna yönəltmişdir. Elə isə bu yolda sabit qalmaq üçün çalış və Allaha dua et!

Qeyri-müsəlman kafir birisinin isə bu sualına cavab veririk ki, o zaman sən "kəlmeyi şəhadəti" de və İslama daxil ol. Sənə İslama daxil olmağa mane olan nədir?! Madam ki, bu ixtiyar sənə verilib, demək ki, sən özün haqqa yönəlmək istəmirsən. O zaman sənin verdiyin bu sual xətadır. Allah hər bir kəsə haqqı və batili bəyan etmiş, ona seçim vermişdir. Bir kəs batili seçərsə, demək ki, o haqqı istəmir. Çünki, Allah heç bir kəsə zülm edən deyildir.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #137 1.07K
⚠️ Cəmiyyət üçün alimlərdən öncə insan yetişdirin!

🔸Peyğəmbərimiz ﷺ hədislərin birində belə buyurmuşdur: «Heç bir ata övladına gözəl tərbiyədən daha üstün bir hədiyyə verə bilməz»

Həqiqətən ata ananın övladları üçün bəxş etdiyi ən əzəmətli və ən dəyərli şey gözəl tərbiyədir.
Hər bir kəliməsində vəhyin ruhu olan, hikmətlərlə dolu Peyğəmbər hədislərində bizlər üçün Qiyamətə qədər ibrətlər vardır. Və bu da günümüzdə özünü biruzə verməkdədir... Təhsili, təlimi övlad tərbiyəsindən önə çəkənlər bu gün bunun acı nəticələrini yaşamaqdadırlar. Bəli, İslam dini heç də təhsili, elm almağı qadağan etmir; tam əksinə, buna olduqca böyük önəm göstərir, insanları ta uşaq vaxtından maariflənməyə rəğbətləndirir. Lakin, dini əxlaqı bir kənara atıb, üzdə "təhsil dərdi" çəkib, övladlarımızı sağlam dini tərbiyədən həm zahirən, həm daxilən uzaqlaşdırmağa çalışanlar unutmamalıdırlar ki, bunun ağır nəticələrini nəinki cəmiyyətdə, hətta öz ailələrində yaşaya bilərlər. Necə deyərlər: cəza əməlin cinsindəndir.
Sonda isə unutmamalıyıq ki, alim olmaq asandır, lakin insan kimi yetişmək isə çətindir. Biz cəmiyyətimizdə alimlərdən öncə cəmiyyətimizə faydalı insan yetişdirməliyik. Bu isə yalnız və yalnız doğru İslam tərbiyəsi üzərində mümkündür.

✍️ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #136 750
🐜🦋🦟🐝🕸 Həşəratlarda Allahın Qüdrətinin Təzahürü

🔸Uca Allah bütün məxluqatı yaratdığı kimi, onların fitrətini, həyat fəaliyyətini davam etdirmələri üçün lazım olan xüsusiyyətləri, bacarıqları və davranış mexanizmlərini də yaratmışdır. Bu ilahi nizam yalnız insana məxsus deyil; heyvanlar aləmində, xüsusilə də həşəratlar dünyasında da aydın şəkildə müşahidə olunur. Müasir elm və texnologiyanın inkişafı nəticəsində aparılan uzunmüddətli tədqiqatlar göstərmişdir ki, çox kiçik ölçülərə malik olan həşəratlar belə son dərəcə mürəkkəb və heyrətamiz davranış formalarına sahibdirlər.

Davranış biologiyası sahəsində aparılan araşdırmalar sübut edir ki, qarışqalar koloniyalar halında yüksək təşkilatlanma nümayiş etdirir, arılar dəqiq həndəsi quruluşa malik pətəklər inşa edir, bəzi kəpənəklər isə minlərlə kilometr məsafəni qət edərək miqrasiya edə bilirlər. Bütün bu fəaliyyətlər onların ölçüləri ilə müqayisədə son dərəcə mürəkkəb sistemlərin mövcudluğunu göstərir.

Məlumdur ki, insan şüurlu seçim və təfəkkür qabiliyyətinə malikdir. Həşəratlarda isə insan mənasında şüur və idrak mövcud deyildir. Onların davranışları əsasən instinktdir. Lakin burada diqqət çəkən əsas məsələ budur: bu qədər kiçik sinir sistemi və sadə anatomik quruluşa malik canlılarda bu qədər dəqiq və məqsədyönlü davranışların mövcudluğu özü böyük bir hikmət və qüdrət nümunəsidir.

Məsələn, bal arısının nektarı toplayıb onu bala çevirməsi, pətəkdə iş bölgüsü aparması və digər arılarla məlumat paylaşması; qarışqaların qida mənbəyini tapıb koloniyaya yol göstərməsi; hörümçəklərin mürəkkəb tor toxuması kimi davranışlar biologiyada instinktiv sistemlər kimi öyrənilir. Bu sistemlərin hər biri canlıların həyatını davam etdirməsi üçün son dərəcə dəqiq şəkildə tənzimlənmişdir.

Bütün bunlar göstərir ki, kainatda təsadüf deyil, nizam, ölçü və hikmət hakimdir. Həşəratların həyatında müşahidə olunan bu incə mexanizmlər və heyrətamiz uyğunluqlar Uca Allahın sonsuz elm və qüdrətinin təzahürlərindəndir. Kiçik bir canlının bədənində və davranışında belə bu qədər mükəmməllik varsa, bu da aləmlərin Rəbbi olan Allahın yaratma sənətinə açıq dəlillərdəndir.

Beləliklə, həşəratlar yalnız biologiyanın araşdırma mövzusu deyil, eyni zamanda yaradılışdakı hikmət, nizam və ilahi qüdrəti düşünmək üçün mühüm ibrət nümunələrindəndir.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #135 1.26K
📌 Qadın saçlarını hansı həddə qədər qısalda bilər?

🔸Müsəlman qadının saçını qısaltması məsələsində əsas prinsip mübah, yəni icazəli olmasıdır. Bu baxımdan qadının saçını qulaq yumşaqları səviyyəsinə qədər qısaltması, özlüyündə qadağan edilmiş sayılmır. Bununla belə, saçın uzunluğu ilə bağlı şəriətdə bütün qadınlara aid edilən müəyyən və dəyişməz bir hədd sabit olmamışdır.
Bu mövzuda hökmün təyini daha çox saç kəsiminin forması, məqsədi və nəticəsi ilə əlaqələndirilir. Belə ki, qadının saçını qısaltması qadın fitrətinə uyğun olan çərçivədə qalarsa və bu, kişilərə bənzəmə mahiyyəti daşımırsa, prinsip etibarilə bunda bir maneə yoxdur.

👉 Lakin əgər saç düzümü:
- kişilərə xas zahiri görünüşü ifadə edərsə,
- yaxud qeyri-müsəlmanlara və ya fasiq çevrələrə məxsus seçici və simvolik bir üslubun təqlidi mahiyyəti daşıyarsa,


bu halda həmin əməl təqlid və təşəbbüh (bənzəmə) çərçivəsinə daxil olduğuna görə caiz deyildir.

📍Nəticə etibarilə, qadına məxsus görünüşü qorumaq, kişilərə bənzəməmək və şəri baxımdan məzəmmət olunan təqlidlərdən uzaq olmaq şərti ilə qadının saçını qısaltması caizdir.

✍ Nail Paşa

🔗 https://t.me/meqale_faydalar
Post #133 459
🤝 Müsəlman qardaşınla küsülüsənsə bunu et!

🔸 Əziz müsəlmanlar! İnsan yaşadığı həyatda cəmiyyətin bir parçası olduğu üçün labüddür ki insanlarla ünsiyyətdə, əlaqədə olsun. Məlumdur ki, adəm övladı xətadan məsum deyildir. Hər bir kəs ya özündə, ya da kiməsə qarşı xəta edə, yanlış bir hərəkətə yol verə bilər. Və bunun da baş verməsi labüddür. Çünki Allah Rəsulu ﷺ buyurmuşdur ki, hər bir adəm övladı xətakardır, xəta edənlərin ən xeyirlisi isə tövbə edənlərdir. Belə olan halda bəzən müsəlmanlar arasında da bu xətalar baş verə bilir. Bu isə çox zaman müsəlmanlar arasında küsülüləyə gətirib çıxarır. Bu da həqiqətdə normal olan bir şeydir. Lakin unutmamalıyıq ki, bir müsəlmana öz müsəlman qardaşından üç gündən artıq küsülü qalması halal deyildir.

Bəli, ola bilsin ki onunla barışmaq nəfsə ağır gəlsin. Xüsusilə də həmin xəta edən kəs bu əməlindən peşman olub və üzr istəyibsə, onu bağışlamaq həqiqi möminin sifətlərindəndir.

Əgər bağışlamaq nəfsə ağır gələrsə, qəlbində onun etdiyi hərəkətə yaxud onun özünə qarşı kin-küdurət, nifrət yaranarsa, o zaman onun xeyir tərəfini, yaxşı işlərini, xüsusən sənə qarşı etdiyi yaxşılıqları düşün. Çünki mümkün deyil ki bir müsəlmanda xeyir tərəfləri olmasın. Və bu həqiqətən küsülü qaldığın müsəlman qardaşını bağışlamaq üçün ən gözəl vasitələrdəndir. Elə isə hansısa müsəlman qardaşınla hələ də küsülüsənsə onun yaxşı tərəflərini düşün və sənə qarşı etdiyi xətaları unutmağa çalış. Həqiqətən kim Allah üçün bağışlayar, mərhəmət edərsə, mərhəmətlilərin ən Mərhəmətlisi olan Allah da onu bağışlayar və ona mərhəmət edər. Çünki mükafat əməlin cinsindəndir.

✍️ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #132 602
🍂 Gecə namazındakı ləzzəti itirmək

❓Sual: Mən gecə namazlarına qalxar və bunda ləzzət, xoşbəxtlik tapardım. Lakin, bir müddət sonra bu ləzzəti itirdim. Buna günahlarımmı səbəb olmuşdur?

❗Cavab: “Şəksiz (günahlar səbəbdir). Günahlardan tövbə et, Allaha qarşı niyyətində və qəsdində ixlaslı ol! Peyğəmbərin sünnəsinə tabeçilikdə həris ol və bidətdən çəkin!

Eləcə də, gecə namazlarına qalxmaq üçün sadiq şəkildə əzmkarlıq göstər, tənbəlliyə təslim olma! Bunlar sənə gecə namazlarında davamlı olmağa yardım edər”.

🎙️〖Fətəva Nur aləd-Dərb/Şeyx Saleh əl-Fouzan〗

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #131 659
🛁 Dəstəmazdan sonra edilən zikrlər ayaqyolu daxilində edilə bilərmi?

🔸 Əgər əl-üz yuyulan yer ayaqyolunun daxilində olarsa, bu halda dəstəmazdan sonra edilən zikrlər ayaqyolunu tərk etdikdən sonra edilir. Çünki, zikr etmək Allaha təzimdir. Orada isə uca Allahı təzim etmək məkruhdur. Bu səbəbdən də dəstəmazdan sonra edilən zikrlər ayaqyolundan çıxdıqdan sonra edilir.
Lakin, əl-üz yuyulan yer ayaqyolundan ayrı olarsa, bu halda dəstəmaz alındıqdan sonra elə həmən yerdə dəstəmazın zikrlərini etməkdə bir problem yoxdur.

📖 Dəstəmaz alındıqdan sonra edilən zikrləri isə "Müsəlmanın Qalası" kitabçasında "Dəstəmazdan sonra edilən zikr" bölməsində baxa bilərsiniz.

Kitabçanın elektron versiyası 👇: https://play.google.com/store/apps/details?id=com.hisnul.muslim.dhikr

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #130 600
🌱 Ölən şəxs üçün fayda verən əməllər

✍️ Şeyx ibn Useymin (رحمه الله) demişdir:

🔸 «Ölü üçün dua etmək, hansısa ibadəti ona hədiyyə etməkdən daha xeyirlidir; yəni, ölü üçün edilən dua, onun üçün qılınan iki rükət namazdan, yaxud onun adından verilən iki dirhəm sədəqədən, yaxud kəsilən qurbandan, yaxud həcc və ya ümrə etməkdən daha əfzəldir.

Dua etmək Rəsullahın ﷺ hədisinə əsasən bu tərəfdən daha fəzilətlidir: Rəsulullah ﷺ ölünün əməli barəsində danışaraq buyurmuşdur ki: "Saleh övladın valideyni üçün etdiyi dua". Rəsulullah ﷺ burada: Yaxud saleh övladın onun üçün namaz qılması, yaxud onun adından sədəqə verməsi, yaxud oruc tutması və ya buna bənzər başqa bir şey söyləmədi.

Buna görə də, sələfilərin vaxtında onlar ölülər üçün verilən sədəqəni yaxud əməlləri çoxaltmamışlar. Həqiqətən bu şey, son zamanlarda ortaya çıxmışdır.

Əgər sual verilsə ki: Ölən atam üçün hansı daha əfzəldir - onun adından bir gün oruc tutmaq, yoxsa dua etmək?

Cavab olaraq deyirik ki: Daha əfzəl olan onun üçün dua etməkdir, özün üçün isə oruc tutmaq və Allaha onun üçün etməkdir. Xüsusilə də, bu duanı iftar vaxtı etməkdir.

Əgər soruşulsa ki: Atam üçün əfzəl olan onun adından ümrə etməkdir yoxsa onun üçün dua etmək?

Deyirik ki: Sən özün üçün ümrə et, Kəbəni təvaf, Səfa və Mərvanı səy edərkən onun üçün Allaha dua et; daha gözəl olanı da məhz elə budur»

📔〖Fəthu zil-Cələ'li vəl-İkra'm, 4/281〗

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #129 555
📽 Bir dərs səbəbilə hidayət olunan ailə - Şeyx Suleyman Ruheylinin (Allah onu qorusun) danışdığı qissə

🔸 Şeyx Suleyman Ruheyli deyir:

- Günlərin birində Peyğəmbər Məscidində dərs deyərkən, bir kişi qalxaraq mənə tərəf gəldi və mənə dedi ki, "sən Suleyman Ruheylisən?" Dedim ki, "bəli, mən Suleyman Ruheyliyəm". Həmən kişi müsəlman dövlətlərindən birindən idi.
Bunu eşidərkən təkbir gətirdi və dedi ki, "ey Şeyx, Allaha and olsun ki, mən və mənim ailə üzvlərim demək olar ki, müsəlman deyildik. Bizdən İslama aid heç bir əlamət yox idi, biz yalnız adda müsəlman idik. Hətta, namaz, orucun belə nə olduğunu bilmirdik. Bir dəfə sənin bir video dərsini mənə yolladılar. Mən adətən şeyxlərin dərsini dinləmirdim, lakin, gördüm ki, dərs əsnasında danışarkən sən gülümsəyirsən. Biz elə zənn edirdik ki, şeyx gülməz, ciddi olar, zarafat etməz... Özümdə dedim ki, bu şeyx nə qəribədir, danışaraq təbəssüm edir. Beləcə videoya baxmağa başladım və orada bir məsələ eşitdik, həmən dəqiqə bizim ruhumuz sanki səmaya qalxdı... Və indi ey şeyx, sənə müjdə verirəm ki, bizim ailədə bütün hamı hidayət oldu, hamı sələfidir".

Şeyx Suleyman Ruheyli deyir: "Həmin o videonu yollayan kəsə müjdələr olsun. Bununla onları küfrdən çıxarıb, İslama daxil etdi. Onun yolladığı bu dərs səbəbilə, Allah bütün ailənin qəlbini hidayətə açdı, onlar İslama döndülər və hətta Tövhid və Sünnə üzərində sabit oldular..."

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #128 627
💥 Sosial şəbəkələrdə zövcəsi ilə şəkil paylaşanlar..

🔸 Həqiqətən şeytan insana addım-addım yaxınlaşır. Həyanın qapıları vardır ki, şeytan bu qapıları qırmaq üçün əlindən gələni edir. Hər dəfə o qapılar açıldığında, həya da zəifləyər. Hətta bu qapıların hamısının açılması bütövlükdə insandan həyanın getməsinə və ölməsinə səbəb olar.
Peyğəmbərimiz ﷺ buyurmuşdur ki, "həya imandandır", başqa bir hədisdə isə belə buyurur: "Əgər utanmırsansa istədiyini et".

Təəssüflə qeyd edək ki, günümüzdə sosial şəbəkələrin geniş vüsət alması ilə, bəzi kişilərin öz zövcələrini həmən yerlərdə paylaşıb əcnəbilərə göstərməsinin şahidi oluruq. Hətta iş o dərəcəyə çatır ki, həya o dərəcədə zəifıəyir ki, onlar öz qadınlarının məclislərdə rəqs etdiyi vaxt onları fəxrlə kameraya çəkərək öz statuslarında paylaşırlar (bu haldan Allaha sığınırıq!)
Beləcə şeytan insana addım-addım yaxınlaşaraq ondan həyanın zəifləməsinə, hətta tamamilə ölməsinə səbəb olur ki, nəticədə də kişi artıq həyasının ölməsi ilə dəyyusa çevrilir. Dəyyus isə Peyğəmbərimizin ﷺ xəbər verdiyi kimi Cənnətə girməyəcəkdir.

Lakin, kişi bilməlidir ki, zövcəsi onun övrətidir. Necə ki, onu bütün pisliklərdən, zərərlərdən qoruduğu kimi, əcnəbilərin də ona baxmasından qorumalı, öz qadınını qısqanmalıdır.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #127 580
🍂 Yalnız namaz üçün qapanan qadın..

🔸 Qadının namazda üzü və əlləri istisna olmaqla bütün bədən üzvlərinin qapadılması şərtdir, əks halda həmən qadının namazı ondan qəbul olunmaz.

Əfsuslar olsun ki, bəzi, hətta bir çox namaz qılan qadınlar hicabı bir tək namaza daxil olarkən geyinirlər, namaz xaricində isə bu əməlin vacibliyini unudurlar, yaxud səhlənkar yanaşırlar.

👉 Lakin, bilmək lazımdır ki, uca Allah qadınının öz hüzurunda qapanmasını tələb etdiyi kimi, namaz xaricində də qapanmasını istəyir. Namazda sənə yaxın olan Rəbbin, namazdan qeyri yerlərdə də sənə ən yaxındır və səni görür. Uca Allah buyurur: ﴾Biz ona şah damarından daha yaxınıq﴿ [Qaf: 16]

Uca Allah qadınların örtünməsi barəsində belə buyurur: ﴾Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...﴿ [Nur: 31]

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #126 568
📍Rahatlıq vaxtı Allahı tanı ki, sıxıntılı halında O da səni tanısın

◼️ Əbu Hureyrədən (رضي الله عنه) rəvayət olunan hədisdə, Allah Rəsulu ﷺ belə demişdir: «Kim çətin və sıxıntılı halında Allahın onun duasına cavab verməsini istəyirsə, rahatlıq vaxtlarında çox dua etsin»

📚〖Sahihut-Tirmizi: 3382/Şeyx Albani hədisə "həsən" demişdir〗

◼️ Əbu Səid əl-Xudri, Əbu Hureyrə və ibn Abbas (رضي الله عنهم) Allah Rəsulunun belə dediyini rəvayət etmişlər: «Allahı rahatlıq vaxtı tanı ki, O da səni sıxıntı vaxtı tanısın»

📚〖Sahihul-Cəmi: 2961/Şeyx Albani hədisə "səhih" demişdir〗

🪶 Şeyx ibn Useymin (رحمه الله) hədisin şərhi barəsində belə demişdir:

🔸 «Yəni, rahatlıq, sağlamlıq, zəngin vaxtı Allahın haqlarını yerinə yetir ki, sıxıntılı vaxtı, sağlamlıq səndən getdiyində, zənginlik əlindən çıxdığı zaman O da səni tanısın. Bu, sənin əvvəlcədən etdiyin yaxşılıqlar və uca Allaha yaxınlaşmaq üçün etdiyin xeyirli əməllər sayəsində olar»

📚〖Şərhul-Ərbəin ən-Nəvəvi: s.202〗

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #125 556
🏡 Bir evə daxil olmadan öncə izin istəmək

📚 Uca Allah buyurur: ﴾Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız﴿ [Nur surəsi:27].

Bu ayədə uca Allah möminlərə özgə evlərə daxil olmadan öncə izin istəmələrini əmr etmişdir. Özgə evə daxil olmadan öncə isə sünnə olan izin istəyib salam verməkdir.

🔸Rabi ibn Hiraş belə dedi: «Bənu Amirdən bir adamın bildirdiyinə görə həmən kəs Allahın elçisi ﷺ evdə ikən "İçəri daxil ola bilərəmmi?" deyərək izin istəmiş və Peyğəmbər ﷺ də öz xidmətçisinə: "Çıx bu adama izin istəməyi öyrət!" buyurmuşdur.
Həmən adam da bunu eşitmiş və belə demişdir: "Əs-sələmu aleykum, içəri daxil ola bilərəmmi?" Bu zaman Peyğəmbər ﷺ ona içəri girməsi üçün izin vermiş, o da Allahın elçisinin yanına daxil olmuşdur» [Əbu Davud: 5177, şeyx Albani hədisə "səhih" demişdir].

Bu hədisə görə də sünnə olan salam ilə izni birləşdirib, ilk öncə salam verib sonra isə izin istəməkdir.

📌 Qeyd: Yuxarıda zikr olunan ayəyə əsasən deyilir ki, insanın öz evinə daxil olarkən izin istəməsinə gərək yoxdur, içəri daxil olarkən sadəcə salam verir.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #124 495
📚 Peyğəmbərlərdən bəzilərinin dəvətinə az insanın cavab verməsi onların dəvətində olan xələldənmi xəbər verir?

🔸 Uca Allah Adəm peyğəmbər xəlq olunduqdan bəri müxtəlif dövrlərdə müxtəlif qövmlərə onların içərisindən çıxan Öz Rəsullarını göndərmiş və onlara tək Allaha ibadəti, onlara Rəbbi tərəfindən vəhy olunanları insanlara təbliğ etmələri əmr olunmuşdur. Bütün peyğəmbərlər bu əmrə sadiq qalmış, dəvətlərini onlara peyğəmbərlik missiyası veriləndən ölənədək kamil şəkildə yerinə yetirmişlər.

Lakin, bu peyğəmbərlərin dəvətlərinə cavab verənlərin sayı arasında böyük fərq vardır. Bəzi peyğəmbərlərin dəvətinə böyük bir toplum, bəzilərinkinə bir neçə camaat, bəzilərinkinə bir neçə nəfər, bəzilərinkinə isə ümumiyyətlə heç bir kəs cavab verməmişdir.

O halda belə bir sual ortaya çıxmış olur: məgər həmən peyğəmbərlərin dəvətinə bir neçə nəfərin cavab verməsi, yaxud heç kimin cavab verməməsi onların dəvətlərində olan nöqsandanmı xəbər verir?

Cavab budur ki, yazının başında qeyd etdiyimiz üzərə bütün peyğəmbərlərin dəvəti eyni, yalnız tövhidə dəvət, onlara nə vəhy olunubsa o şəkildə də dəvət etmələri əmr olunmuşdur. Lakin bu onu göstərir ki, ibrət heç də say çoxluğunda deyil, ibrət əmr olunanı yerinə yetirməkdə, bu dəvətdə səbr göstərməkdədir. Buna misal olaraq bir tək Nuh peyğəmbərin dəvət qissəsini zikr etsək kifayət edər. Uca Allah bu barədə belə buyurur: ﴾ (Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim • Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı • Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.﴿ [Nuh: 5-7].
﴾Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı﴿ [Əl-Ənkəbut: 14].

Alimlər ayədə keçən 950 il müddətinin Nuh peyğəmbərin ömrünün, yoxsa təkcə dəvət müddəti olması barəsində ixtilaf etmişlər. Hər bir halda bu müddət onun ömür müddəti olsa belə bu, böyük bir rəqəmdir. Buna rəğmən bu illər ərzində ona cəmi bir neçə nəfər tabe olmuş, qalan camaat isə onu inkar etmiş və nəticədə Allahın Qəzəbi onları haqlamış, onlar suya qərq olaraq məhv olmuşlar.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Older posts →

About this channel

How can I read @meqale_faydalar without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for ✍️ İslami Məqalələr: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does ✍️ İslami Məqalələr have?
✍️ İslami Məqalələr (@meqale_faydalar) has 293 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does ✍️ İslami Məqalələr know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →