🕌 Məscid ədəbi - Allahın evində səs-küy salmağın qadağan olunması
🔸Məscidlər Allahın evləridir və Allahın evinə daxil olarkən hər bir müsəlmanın riayət etməsi gərəkən məscid ədəbləri vardır. O ədəblərdən də biri məsciddə olarkən yüksək səslə danışmamaq, zəruri ehtiyac olmadan kiminləsə məscid daxilində söhbət etməməkdir. Çünki, yüksək səs və həmçinin digər edilən söhbətlər namaz qılan, zikr edən, Quran oxuyan müsəlmanlar üçün narahatçılıq yaradır, onların xuşusuna mənfi təsir edir.
Təəssüf ki, bu gün müsəlmanlar bir çox hallarda məscid ədəblərinə riayət etməyərək məscid daxilində yüksək səslə danışır, bir-biriləri ilə söhbət edir və nəticədə məscidin sükunətini pozaraq təşviş yaradırlar. Lakin, bilmək lazımdır ki, bu əməl haramdır. Təbii ki, məscidə gələn hər bir müsəlmanın niyyəti məsciddən savab ilə ayrılmaqdır ki, bəzi hallarda bu ədəblərə riayət etmədən həmən savabı azaldır, yaxud ümumiyyətlə savabdan məhrum olaraq məscidi günah üzərində tərk edir.
Ümumiyyətlə, məscidlərdə səs-küy salmağın qadağan olunmasına aid istər Peyğəmbərimizin ﷺ hədislərində, istərsə də səhabələrin, sələflərin həyatından bir çox misallar vardır.
📜 Allah Rəsulu ﷺ bir dəfə məsciddə camaatla namaz qılarkən məscid daxilində səs-küy eşidir. Namazı bitirdikdən sonra çevrilərək səs-küy salanların kim olmasını soruşur. Səs-küy salanlar namazın rükətinə yetişmələri üçün tələsik gəldiklərinə görə belə etdiklərini xəbər verirlər. Lakin, Allah Rəsulu ﷺ onlara bir də belə etməmələrini və namaza sakin halda, təmkinlə gəlmələrini, hansı rükətə yetişərlərsə namaza qoşulmalarını əmr edir.
Bu qissə ondan xəbər verir ki, hətta namaza belə tələsərək, səs-küylü halda gəlmək qadağan edilmişdir. Baxmayaraq ki, namaz xeyir əməllərdəndir.
📜 Ömər ibn Xəttabın (Allah ondan razı olsun) xilafəti dönəmində də məsciddə iki nəfər şəxs yüksək səslə danışmağa başlayırlar. Ömər onları dərhal yanına çağırtdıraraq onların haradan gəldiklərini xəbər alır. Onlar özlərinin Mədinəli deyil, başqa yerdən gəldiklərini deyirlər. Ömər onlara deyir ki, əgər Mədinə əhlindən olsaydınız sizi cəzalandırardım.
✅ Bütün bunlar onu göstərir ki, Allahın evləri yalnız namaz qılmaq, Onu zikr etmək, Quran oxumaq üçün inşa edilmişdir. Möminə də yaraşan məsciddə olarkən səs-küy salmadan bu xeyir əməllərlə məşğul olmaqdır.
✍ Nail Paşa
https://t.me/meqale_faydalar
Post #141
187