Əliəşrəf Dərvişiyan'ın hazırladığı "Yadman-i Səməd" kitabının ilk səhifələrində Səməd Behrəngi'nin həyatı üzrə 5 səhifədə xülasə olunan bir təqvim verilmişdir. Bu təqvimdə Behrəngi'nin çap etdirdiyi "parə-parə" adlı kitab üzrə verilən məlumatda ciddi bir diqqətsizlik marağımı cəlb etdi.
Bildiyimiz kimi, "parə-parə" kitabı birbaşa Quzey və ya Güney Azərbaycan'da Azərbaycan Türkcəsində şeir söyləyən şairlərin şeirlərindən, eləcə də Koroğlu dastanından şeir nümunələrindən, həmçinin Təbriz'də xalq arasında söylənən bayatılardan oluşan bir toplu olmuşdur. Bunlar bütünlüklə Azərbaycan ədəbiyyatına aid nümunələrdir. Behrəngi də kitaba yazdığı ön söz'də "mən başardıqca əlləşmişəm ki sahlı-sullu bir kitab Azərbaycan dilində olan şeirlərdən doğruldam"-deyə, bu kitabın bütünlüklə Azərbaycan ədəbiyyatının şeir nümunələrini ehtiva etdiyini vurğulamışdır. Maraqlısı budur ki, Behrəngi, kitaba yazdığı ön söz'ün Farscasını da kitabda çap etdirmişdir; yəni, Azərbaycan Türkcəsini bilməyən hər bir Farsca bilən oxucu da bu kitabın Azərbaycan ədəbiyyatına aid olduğunu, kitabın ilk səhifələrindən belə, dərhal anlaya bilir.
Amma bütün bunlara baxmayaraq, təqvim "parə-parə"ni "Türk dilində Türk şairlərdən və Koroğlu kitabından bəzi şeirlər və Azərbaycan bayatılarından bir məcmuə" olaraq tanıtdırır. Burada "Türk şairlər" sözləri oxucunun fikrini tamamı ilə "Türkiyə şairləri"nə yönəldir. Bu yönü oxucunun fikrində daha da qüvvətləndirən, həmin təqvimin bir neçə sətir sonra, Behrəngi'nin tərcümə etdiyi "xərabkar" adlı kitabı üzrə, "bir neçə Türk yazıçıdan hekayələr"-deyə, tanıtdırmasıdır. Bildiyimiz kimi, bu hekayələr bir neçə Türkiyə yazıçılarının hekayələridir.
Tənzimləyicinin bu səviyyədə bir diqqətsizliklə bu təqvimi tənzimləməsi onun verdiyi məlumat üzrə sədaqət və səmimiliyini şübhə altına alır. Bu məlumat istər-istəməz Behrəngi'nin düşüncə dairəsində Azərbaycan milli məfkurəsinin əhəmiyyətini gizləməkdə rol oynayır. Bu isə, Behrəngi gerçəkliyini olduğu kimi təqdim etmədə ciddi bir axsaqlıqdır.
#TürkcəYaz
@Kritike
Post #427
36