İtirilmiş Milli Hökumətin Sorağında
1945-46 illərində Mircəfər Pişəvərinin rəhbərliyi altında təşkil tapan Azərbaycan milli hökumətinin inqilabçı hərəkətlərindən biri də Jandarmeri təşkilatını bütünlüklə ləğv etmək olmuşdur. Bu iş, demokratik bir quruluşun təməlini qoymaq üzrə böyük bir addım kimi sayılmalıdır. Niyə ki, Jandarmeri təşkilatı ictimai asayişi təmin etməkdənsə, şəhərlərdə mütərəqqi ünsürləri, kəndlərdə isə qəddar ərbablıq sisteminin qorunması uğrunda kəndliləri, olmazın basqı və təzyiqlərə məruz qoymuşdur.
Bu barədə Mircəfər Pişəvəri "firqə və dövlətin əsas məsələləri haqqında mərkəzi komitənin ümumi iclası"nda belə çıxış etmişdir:
"Qanuni bir məmləkətdə daxili əmniyyət qeyri-nizami bir təşkilat olan daxilə vizarətinə tapşırılar. Dər vaqe jandarm və ya nəzmiyyə məmurları ədliyyənin intizamat məmurları sayılar. Bizdə isə bunun əksinə olaraq jandarm müstəqil bir nizami təşkilat olmaq üzrə vizarəti-cəngə tabe tutulur ya müstəqimən diktatorların iradəsiylə məmləkəti qarət etmək üçün onun fasid niyyətini mövqeyi-icrayə qoyardı.
Biz artıq bu təşkilatı bir dəfəlik öldürüb elə dəfn etməliyik ki bir daha xortlayıb ayağa dura bilməsin. Onun yerində isə daxilə vizarətinin şöbəsi olan nəzmiyyə təşkilatı qurulur, gərək şəhərlərdə olduğu kimi kəndlərin əmniyyəti də onun öhdəsinə mühəvvəl edilsin"*.
*Azərbaycan Qəzeti; İkinci Dövr; Nö. 110; 1946.01.27
#TürkcəYaz
@Kritike
Post #426
40