🔯 “Elbit Systems”: “Azərbaycanla münasibətlərimiz yaxın və etibarlı tərəfdaşlığa çevrilib” – MÜSAHİBƏ (EKSKLÜZİV + FOTOLAR)
Müdafiə texnologiyalarının sürətli inkişafı, müasir döyüş təcrübəsinin yaratdığı yeni tələblər və orduların rəqəmsallaşdırılması hərbi-texniki əməkdaşlığın gündəliyində mühüm yer tutur. ADEX-2026 sərgisi də bu istiqamətdə yeni həllərin nümayişi, sənaye tərəfdaşlıqlarının müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi üçün platforma oldu.
Sərgidə iştirak edən İsionist rejimin“Elbit Systems” şirkəti real əməliyyat şəraitində sınaqdan çıxmış texnologiyalarını təqdim etməklə yanaşı, Azərbaycanla uzun illər ərzində formalaşmış əməkdaşlığın inkişafına diqqət yönəltdi. Şirkətin sözçüsü ADEX-2026-nın nəticələrini uğurlu qiymətləndirərək tədbirin mövcud tərəfdaşlığın gücləndirilməsinə və bir sıra əsas istiqamətlərdə yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət etdiyini bildirdi.
“Elbit Systems” şirkətinin sözçüsü Ordu.az-a müsahibəsində ADEX-2026 sərgisinin nəticələri, Azərbaycanla hərbi-texniki əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanları barədə suallarımızı cavablandırıb. Müsahibədə qoşunların rəqəmsallaşdırılması, artilleriya sistemləri, Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı mübarizə, eləcə də yerli istehsal və texnoloji təcrübənin ötürülməsi məsələlərinə toxunulub.
“Elbit Systems” konkret danışıqların və mümkün kommersiya razılaşmalarının təfərrüatlarını açıqlamasa da, uzunmüddətli yerli tərəfdaşlıqları qlobal əməkdaşlıq yanaşmasının əsas istiqamətlərindən biri kimi təqdim edir. Şirkətin Azərbaycanla münasibətlərə baxışını, sərginin nəticələrinə dair qiymətləndirməsini və gələcək əməkdaşlıq prioritetlərini əks etdirən müsahibəni təqdim edirik.
– ADEX-2026 sərgisinin “Elbit Systems” üçün ümumi nəticələrini necə qiymətləndirirsiniz? Sərgidən əvvəl qarşıya qoyduğunuz məqsədlərə nə dərəcədə nail oldunuz?
– ADEX-2026 “Elbit Systems” üçün çox uğurlu sərgi oldu. Tədbir Azərbaycanla uzunmüddətli əməkdaşlığımızı daha da gücləndirmək, yüksək səviyyəli tərəfdaşlar və aidiyyəti tərəflərlə təmaslar qurmaq, eləcə də real əməliyyat şəraitində sınaqdan çıxmış ən yeni texnologiyalarımızı təqdim etmək üçün mühüm imkan yaratdı.
Azərbaycanla münasibətlərimiz uzun illər ərzində inkişaf edərək yaxın və etibarlı tərəfdaşlığa çevrilib. Hesab edirik ki, sərgi strateji məqsədlərimizə uğurla xidmət etdi və bir sıra əsas istiqamətlərdə gələcək əməkdaşlıq üçün əlavə imkanlar açdı.
– Əvvəlki sərgilərlə müqayisədə bu il ziyarətçilərin “Elbit Systems” stendinə marağını necə qiymətləndirirsiniz?
– Sərgi boyunca həm yerli, həm də beynəlxalq nümayəndə heyətlərinin çox yüksək marağını və fəallığını müşahidə etdik. Bu, regionda qabaqcıl və real əməliyyat şəraitində sınaqdan çıxmış müdafiə texnologiyalarına diqqətin artdığını göstərir.
– Stendinizdə nümayiş etdirilən zirehli texnika, artilleriya, PUA-lar və rabitə sistemləri arasında hansı konkret texnologiya yerli və beynəlxalq nümayəndə heyətlərinin ən çox diqqətini çəkdi?
– Sərgidə “Elbit Systems”in təqdim etdiyi qabaqcıl və real əməliyyat şəraitində sınaqdan çıxmış geniş çeşidli sistem və həllərə böyük maraq göstərildi. Bu maraq regionda dəyişən əməliyyat tələblərini və modernləşdirmə meyillərini əks etdirir.
– Sərgi zamanı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və yeni yaradılmış “Azərsilah” Holdinqi ilə aparılan müzakirələr hansı mövzuları əhatə etdi və hansı səviyyədə keçirildi?
– ADEX-2026 sərgi boyunca müxtəlif ziyarətçilər və nümayəndə heyətləri ilə peşəkar təmaslar və görüşlər üçün mühüm platforma oldu. Şirkətin ümumi siyasətinə uyğun olaraq, “Elbit Systems” bu cür tədbirlərdə aparılan konkret müzakirələrin təfərrüatlarını ictimaiyyətə açıqlamır.
– Sərgidə Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı mövcud texnikanın modernləşdirilməsi, o cümlədən rəqəmsallaşdırılması və atəşi idarəetmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı hansı yeni təkliflər irəli sürüldü?
– Sərgi zamanı “Elbit Systems” dəyişən əməliyyat tələblərinə və gələcək modernləşdirmə ehtiyaclarına uyğun olan, real əməliyyat şəraitində sınaqdan çıxmış qabaqcıl həllərdən ibarət geniş portfelini nümayiş etdirdi.
Digər istiqamətlərlə yanaşı, qoşunların rəqəmsallaşdırılması, qabaqcıl artilleriya sistemləri, eləcə də gələcək modernləşdirmə işlərinə və əməliyyat effektivliyinin artırılmasına töhfə verə biləcək əlavə texnologiyalarla bağlı həllərimizi ön plana çıxardıq.
– Tədbir zamanı “Elbit Systems”in qabaqcıl texnologiyalarının, məsələn, PUA komponentlərinin və ya optik sistemlərinin istehsalının lokallaşdırılması, eləcə də Azərbaycanda birgə istehsal xətlərinin yaradılması müzakirə olundumu?
– “Elbit Systems” müştərilərin tələblərinə və strateji mülahizələrə uyğun olaraq müxtəlif bazarlarda uzunmüddətli sənaye əməkdaşlığı imkanlarını davamlı şəkildə araşdırır.
– Gələcəkdə bilik və texnoloji təcrübənin ötürülməsi çərçivəsində azərbaycanlı mühəndislər və texniki heyət üçün ixtisaslaşdırılmış təlim proqramlarının təşkili planlaşdırılırmı?
– Uzunmüddətli yerli tərəfdaşlıqların inkişaf etdirilməsi “Elbit Systems”in qlobal əməkdaşlıq yanaşmasının əsas istiqamətlərindən biridir. Şirkətin yerli törəmə müəssisələr və sənaye tərəfdaşlıqları vasitəsilə fəaliyyət göstərdiyi bir çox ölkədə bu fəaliyyət yerli idarəetməyə, yerli işçilərə və müştərinin əməliyyat və milli tələblərinə uyğun olaraq onunla sıx əməkdaşlığa əsaslanır.
Bu model yerli mühəndislik və texniki səriştələrin inkişafını dəstəkləyir, yerli iqtisadiyyata və sənayeyə töhfə verir, həmçinin milli müdafiə imkanlarına dayanıqlı və uzunmüddətli dəstəyin təmin olunmasına kömək edir.
– Azərbaycan hərbçilərinin əvvəlki əməliyyatlarda “Elbit Systems” məhsullarından, o cümlədən “Hermes” və “SkyStriker” sistemlərindən istifadə zamanı qazandıqları real döyüş təcrübəsi bu il nümayiş etdirdiyiniz yeni nəsil sistemlərin hazırlanmasına necə təsir edib?
– Hər hansı konkret müştəriyə və ya əməliyyat fəaliyyətinə istinad etmədən deyə bilərik ki, əməliyyat təcrübəsi və döyüş meydanından əldə olunan rəylər “Elbit Systems” texnologiyalarının davamlı inkişafında mühüm rol oynayır.
Şirkət əməliyyatlardan çıxarılan dərsləri davamlı olaraq yeni nəsil sistem və həllərin hazırlanmasına inteqrasiya edir.
– Müasir münaqişələr fonunda PUA-lara qarşı mübarizə və radioelektron mübarizə sistemlərinə qlobal tələbatın yüksək olduğunu nəzərə alsaq, stendinizdə təqdim edilən hansı həllər regional təhlükəsizlik baxımından daha aktual hesab olunurdu?
– “Elbit Systems” pilotsuz uçuş sistemlərinə qarşı mübarizə sahəsində geniş həllər portfelinə malikdir və döyüş meydanının dəyişən tələblərinə uyğunlaşdırılmış kompleks əməliyyat imkanları təqdim edə bilir.
İmkanlarımız həm hədəfin fiziki məhv edilməsinə yönələn “hard-kill”, həm də fiziki məhvetmə olmadan onun fəaliyyətinin pozulmasına yönələn “soft-kill” həllərini əhatə edir. Buraya yüksək dəqiqlikli ələkeçirmə imkanlarından tutmuş radioelektron mübarizə, aşkarlama, fəaliyyətin pozulması, zərərsizləşdirmə və PUA-lara qarşı mübarizə texnologiyalarına qədər müxtəlif vasitələr daxildir.
Bu sahədə geniş əməliyyat təcrübəmiz sayəsində mürəkkəb hava təhdidlərinə və müasir regional təhlükəsizlik çağırışlarına cavab vermək üçün nəzərdə tutulmuş inteqrasiya edilmiş, kompleks həllər təklif edə bilirik.
– Sərgidə PULS (“Precision Universal Launching System”) raket sistemlərinə göstərilən marağı necə şərh edərdiniz? Bu sistemin regional təhlükəsizlik balansındakı rolunu necə görürsünüz?
– PULS sistemi əməliyyat çevikliyi, yüksək dəqiqlikli zərbə imkanları və müxtəlif raket növlərini vahid platformada birləşdirmək qabiliyyəti sayəsində sərgi zamanı böyük maraq doğurdu.
Öz kateqoriyasında aparıcı sistemlərdən biri olan PULS beynəlxalq miqyasda getdikcə daha çox tanınır. Sistem dünyanın müxtəlif ölkələrində, o cümlədən Avropada və NATO üzvü olan dövlətlərdə bir sıra müştərilər tərəfindən seçilib.
Onun uyğunlaşma qabiliyyəti, uzaqmənzilli yüksək dəqiqlikli zərbə imkanları və müxtəlif əməliyyat tapşırıqlarında istifadə oluna bilməsi PULS-u müasir döyüş meydanının tələbləri və regionda dəyişən müdafiə ehtiyacları baxımından olduqca aktual edir.
Mənbə: Ordu.az
✡️ Abunə olun
Post #580
323