Bu da baş verdi! Azərbaycanın hakim partiyası YAP (Yeni Azərbaycan Partiyası), yəni Əliyevin özü, Türkiyədəki ən yaxın qardaş partiyası olan AK Partiyanı açıq şəkildə sərt tənqid etdi. Sizin üçün ən maraqlı məqamları topladım:
1. Bunun uzun müddətdir davam etdiyinin etirafı: YAP bildirir ki, uzun müddətdir Türkiyə mediasında, o cümlədən AK Partiyaya yaxın media qurumlarında Azərbaycan haqqında yayımlanan qərəzli və böhtan xarakterli materialları izləyib, lakin tərəfdaşlığa hörmət əlaməti olaraq susub. Bu sükutu pozan isə Ərdoğanın baş müşaviri Oktay Saralın və AK Partiyadan olan millət vəkillərinin də bu məsələyə qoşulması olub.
2. Bəyanatda hicab deyil, İsrail birinci yerdədir: Bəyanat Azərbaycan–İsrail münasibətlərinin qəsdən təhrif edildiyi iddiasını rədd etməklə başlayır. Daha sonra Azərbaycanın Fələstinə dəstəyi sadalanır, hətta Fələstinin Bakıdakı səfirliyinin Azərbaycan dövləti tərəfindən maliyyələşdirildiyi iddia edilir. Bu, Türkiyədən gələn əvvəlki tənqidlərin mahiyyətini izah edir. Həmin tənqidlərdə iki məsələ birləşdirilmişdi: hicab qadağası və İsraillə əlaqələr. Yəni “Bakı İslam əleyhinədir”. Əliyev açıq şəkildə İsraillə bağlı ittihamı daha təhlükəli hesab edir.
3. Əliyev Ərdoğanın İslam dünyasındakı liderliyinə söz atır: Bəyanatda deyilir ki, İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlara göstəriş verməyə, onların daxili işlərinə qarışmağa və ya özünü onlardan üstün görməyə haqqı yoxdur. Həmçinin bildirilir ki, müsəlman birliyinə xidmət etmək iddiaları hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıqla sübut edilməlidir. Ərdoğanın adı çəkilməsə də, bu sözlər birbaşa onun özünü İslam dünyasının lideri kimi təqdim etməsinə yönəlib.
4. Türkiyəyə qarşı antikolonial ritorika! Bəyanatda deyilir ki, Azərbaycan xalqı həmişə imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxıb.
5. Hakim partiya faktiki olaraq 309 saylı qərarın nə ilə bağlı olduğunu təsdiqləyir: Qərarın mətnində hicabdan ümumiyyətlə bəhs edilmir. Lakin Əliyev hicab qadağasına yönəlmiş tənqidlərə cavab verərkən təhsil qaydalarını bərabərlik və dünyəvilik prinsipləri ilə müdafiə edir və “baş örtüyü kimi həssas məsələlərdən” siyasi manipulyasiya məqsədilə istifadə edilməməsi barədə xəbərdarlıq edir.
6. Əliyev Türkiyənin öz tarixini onun üzünə vurur: Bəyanatda Türkiyə Konstitusiyasında da dünyəvilik prinsipinin yer aldığı qeyd edilir. Həmçinin Türkiyənin özündə dini və dünyəvi məsələlərlə bağlı mübahisələrin cəmiyyətdə qütbləşməni dərinləşdirdiyi bildirilir. Bu, AK Partiyanın bütün siyasi yüksəlişinin Türkiyədə hicab qadağasının aradan qaldırılması üzərində qurulduğunu xatırladan açıq bir eyhamdır.
7. Əliyev iki müstəqil dövlət məsələsini xüsusi vurğulayır: Bəyanatda bildirilir ki, “Bir millət, iki dövlət” prinsipi tərəflərdən heç birinə digərinin daxili işlərinə qarışmaq və ya öz ideoloji yanaşmalarını ona qəbul etdirmək hüququ vermir. Bu ifadəni Heydər Əliyevin irəli sürdüyünü nəzərə alsaq, onun oğlu tərəfindən belə yenidən mənalandırılması diqqətəlayiqdir.
8. Ən ironik məqam isə budur ki, bəyanatda din azadlığının Konstitusiya ilə təmin edildiyi və dövlətin bütün dinlərə bərabər münasibət göstərdiyi iddia olunur. Halbuki reallıqda, Sovet İttifaqında olduğu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi olmadan heç bir din mövcud ola bilməz.
Cavid Ağa
Post #79057
246
- ❤ 4
- 👍 1