TƏCİLİ/Ayətullah Cavad Lənkərani: "Azərbaycan xalqı etirazlarını davam etdirsin, Allah onlara kömək edəcək.”
Ayətullah Fazil Lənkəranidən Azərbaycan hökumətinə xəbərdarlıq: "Tağut dövrü hökmdarlarının aqibətindən ibrət götürün"
Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Azərbaycan Respublikası təhsil müəssisələrində hicabın qadağan edilməsini pisləyərək, bu ölkənin hökumətinə xəbərdarlıq edib. Ayətullah Lənkərani Azərbaycan hakimiyyətinə xatırladıb ki, dinə qarşı çıxmaqla məhv olan tağut dövrü hökmdarlarının aqibətindən ibrət götürsün. O vurğulayıb: “Əgər həqiqətən Azərbaycan hökuməti islamla müxalifət etmək istəyirsə, xalq öz vəzifəsini biləcək, alimlər və böyüklər də xalqın vəzifəsini müəyyən edəcəklər.”
Əimməye-Əthar (ə) Fiqh Mərkəzinin rəisi Azərbaycan xalqının etirazlarına təşəkkür edərək əlavə edib: “Azərbaycan xalqı etirazlarını davam etdirsin, Allah onlara kömək edəcək.”
Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani özünün fiqh xaric dərsinin əvvəlində Azərbaycan Respublikasının təhsil müəssisələrində hicabın qadağan edilməsi və “ya təhsil, ya hicab” mövzusunun gündəmə gətirilməsi ilə bağlı yayılan xəbərlərə işarə edərək, bu addımı bu ölkə xalqının əksəriyyətinin islam və şiə kimliyinə zidd sayıb və bundan təəssüfünü bildirib. O qeyd edib: “Müsəlman olduğunu iddia edən bir dövlətin, əhalisinin əksəriyyəti müsəlman və şiə olan bir ölkədə küfr ruhuna uyğun bir addım atması çox ağrılıdır.”
Hicabın qadağan edilməsi islamın zəiflədilməsi yolundadır
Fiqh Mərkəzinin rəisi bəzi Avropa ölkələrində hicaba qarşı çıxma tarixinə işarə edərək bildirib: “Bu məsələ sionizm və küfr dünyasının İslamı zəiflətmək üçün illər və onilliklər boyu Avropa ölkələrində və bəzən Azərbaycanın ətrafındakı ölkələrdə izlədiyi bir göstərişdir; çünki onlar dərk ediblər ki, hicab İslam təbliğinin təzahürlərindən biridir. Hicab, Şəhid Rəhbərin kəlamlarında da gəldiyi kimi, qadınla Uca və Müqəddəs Allah arasında bir bağ, Allahla bir əhd və Allahın, ilahi əmrlərin və islamın təbliğidir. Bu gün hər hansı bir yerdə hər kəs hicaba qarşı çıxırsa, əslində Allaha, Qurani-Kərimin açıq əmrinə və İslamla müxalifət etmiş olur".
Bəyanının davamında cənab Ayətullah Lənkərani Azərbaycan hökumətinə dinə qarşı çıxmağın nəticələri barədə xəbərdarlıq edərək, İslam hökmlərinə qarşı çıxmağın nəticələrinə toxunub: “Əgər həqiqətən Azərbaycan hökuməti islamla müxalifət etmək istəyirsə, xalq öz vəzifəsini biləcək, alimlər və böyüklər də xalqın vəzifəsini müəyyən edəcəklər.”
O, hicabla təhsil arasında hər hansı ziddiyyəti rədd edərək Azərbaycan Respublikasının rəsmilərinə müraciətlə deyib: “Kim deyib ki, hicab təhsilə mane olur? Nə üçün bu məsələni düzgün araşdırmırsınız? Nə üçün öz işlərinizin sükanını küfrün əlinə verirsiniz? Onların hər dediyini qəbul etməlisinizmi?
Azərbaycan hökumətinə xəbərdarlıq edirik ki, tağut dövründə rəhbərlik edib dinə qarşı çıxmaqla məhv olanların aqibətindən ibrət götürsün. Azərbaycan hökuməti bilsin ki, dinə qarşı çıxmaq, heç bir şübhə yoxdur ki, onların özlərinin məhvi ilə nəticələnəcək.
Hicab qadınların elmi və siyasi inkişafına mane deyil. Hicab qadınların nəinki elmi inkişafına mane olmur, həm də onları təhlükələrdən qoruyur və elmi inkişaf yolunda onlara toxunulmazlıq bəxş edir. Hicab qadınların müxtəlif sahələrdə, o cümlədən siyasət sahəsində iştirakına zəmin yaradır və dəstək olur".
Cənab Lənkarani İran İslam İnqilabından sonra qadınların elmi və siyasi sahələrdə iştirakı təcrübəsinə işarə edərək əlavə edib: “Bizim İslam İnqilabımızda bu məsələ yaxşı sübut olundu. İnqilabın parlaq məqamlarından biri bu idi ki, qadın hicaba riayət etməklə ən yüksək elmi dərəcələrə çata və yüksək siyasi vəzifələri üzərinə götürə bilər. Qadınlar bir çox mühüm vəzifələri tutmaq səlahiyyətinə malikdirlər.
Son günlərdə nümayiş və etiraz edən əziz Azərbaycan xalqına təşəkkür edirəm və onlardan xahiş edirəm ki, bu etirazları davam etdirsinlər. Bu etirazlar ilahi bir hökmün müdafiəsidir. Bu addım yalnız onların şəxsi mənafelərinin müdafiəsi deyil, Allahın hökmünün müdafiəsidir və bilsinlər ki, Uca və Müqəddəs Allah onlara kömək edəcək.
Əgər söhbət azadlıqdırsa, nə üçün çadra və hicab sahibi olmaq istəyən müsəlman qız azad olmamalıdır? Yalnız fasiqlik və pozğunluq əhli hər istədiklərini etmək üçün azad olmalıdır? Təəssüf ki, bu gün azadlıq başqa məna kəsb edib və qadınların hüquqları da öz həqiqi mənasından uzaqlaşıb.
İran xalqı Azərbaycan Respublikası xalqı ilə həmrəydir. Biz bu məsələni qətiyyətlə qınayırıq və İran xalqı da Azərbaycan xalqı ilə birlikdədir".
O, açıqlamalarının sonunda İran İslam Cümhuriyyəti rəsmilərindən bu addıma reaksiya verməyi xahiş edərək deyib: “Ümid edirik ki, İran hökumətinin rəsmiləri də öz gücü və imkanları daxilində xəbərdarlıq edər, qarşı çıxar və bu addımı qınayarlar.”
Ayətullah Fazil Lənkərani sonda dini azadlığa riayət edilməsi və müsəlman qadınlara hicabsızlığın zorla qəbul etdirilməsindən çəkinilməsi zərurətini vurğulayaraq bildirib: “Ümid edirik ki, bu məsələ tezliklə həll olunar və dini azadlıq sözün həqiqi mənasında həyata keçər, inşallah.”
Müqəddəs Qum şəhəri
14.10.2026
Post #78957
536
- ❤ 32
- 🙏 2