❗️İnanclı xanımların məhkəməsində Şəhla Fərəcovanın azyaşlı uşaqları dindirilib
Oktyabrın 8-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində inanclı altı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlər və zərərçəkmiş qismində çıxış edən şəxs dindirilib.
İlk olaraq hadisə zamanı orada olan Şəhla Fərəcovanın azyaşlı uşaqları şahid qismində dindirilib. Onlar sualları cavablandırarkən hadisənin başvermə şəraiti barədə danışıb, xanımların polis əməkdaşlarına qarşı müqavimət göstərdiyi iddiasını birmənalı şəkildə rədd ediblər.
Daha sonra hal şahidi qismində iki polis əməkdaşı dindirilib. Onlar əvvəlki ifadələrdə səsləndirilən fikirləri təkrarlayıblar. Vəkilin əlavə suallarına cavab verərkən isə hadisədən xeyli vaxt keçdiyini əsas gətirərək bəzi məqamları xatırlamadıqlarını bildiriblər.
İclasda sonuncu olaraq zərərçəkmiş qismində tanınan qadın dindirilib. O, hadisə zamanı ərazidən keçdiyini, polis əməkdaşları ilə inanclı xanımlar arasında mübahisə yarandığını gördüyünü deyib. Bildirib ki, tərəfləri qarşıdurmadan çəkindirmək və mübahisəni dayandırmaq məqsədilə onlara yaxınlaşıb. Qadının iddiasına görə, həmin vaxt Nigar Bağırova ona hücum edərək zərbə endirib və onu yerə yıxıb.
Vəkil ekspert rəyində qadına qarşı zorakılıq göstərildiyini təsdiqləyən əsasın olmadığını onun diqqətinə çatdırsa da, zərərçəkmiş iddiasında israr edib. Nigar Bağırova isə həmin qadını tanımadığını bildirərək səsləndirilən iddiaları yalan adlandırıb. O, mövqeyinin araşdırılması üçün hadisə ilə bağlı videogörüntülərə baxılmasını tələb edib.
Məhkəmə iclası başa çatıb. Növbəti proses 14 oktyabr saat 14:30-a təyin edilib.
İşin mahiyyəti
Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Bakı şəhərinin Binə qəsəbəsində İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə ehsan payladıqları üçün saxlanılıblar.
Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb.
İnanclı xanımlar irəli sürülən ittihamları qəbul etmir və məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb edirlər.
➡️MBH Media
Post #77579
356
