🌴
Hicablı övladları olan valideynlərə ikinci nəsihət.🔸 O dəfə dedik ki, övladlarınızı hicabı açmağa məcbur etməyin, bu sınaqdan kəsilməyin, səbirli, təmkinli olun. Sonra da bir sıra xatırlatmalar etdik.
👉 Bu dəfə də çox mühüm iki məsələni xatırladacağam. Öncə övladlarınıza dinini öyrənməkdə nə qədər yardım edirsiniz? Bu sual barədə düşünün. Bu sualı elə belə vermirəm. Yazının sonunda yenə verəcəm.
📚 Bu öyrətmə şəklinin bir tərəfi elmi, bir tərəfi isə praktikidir:
1⃣
Elmi cəhətə gəldikdə; hicablı qızlarımız, yaxud namaz qılan oğlanlarımız, canımız övladlarımıza İslam etiqadını, İslam fiqhini, dini bilikləri, gərəkirsə İslam tarixini öyrədirikmi? Yoxsa qızlarımız ancaq hicab taxır, dini savadları yoxdur? Yoxsa qızlarımız bir dəfə
"ağlayandan sonra" hicabı açmağa hazırdırlarmı? Yoxsa elə sizə bir zəng gələndən sonra qızınızın hicabını açmağa hazırsınızmı?
👉 Diqqət edin, bu suallar çox mühüm suallardır. Əgər sizdəki durum belədirsə, deməli, bizə vacib edilən İslami elmin əhəmiyyətini də heç başa düşməmisiniz.
🌿 Peyğəmbər Muhəmməd ( صلى الله عليه وسلم) buyurmuşdur:
"Elm tələb etmək hər bir müsəlman kişiyə və müsəlman qadına vacibdir". (Səhih əl-Cami. 3914).
🌾 Bəli, elm öyrənmək vacibdir, özü də hər bir müsəlmana vacibdir, ən başda isə din elmini öyrənmək gəlir. Bu vacibi yerinə yetirməkdə yol verilən naqislik hicab vacibatına da təsir edir. Uşaq hicabı elmlə, anlayaraq, sevərək, Allahın əmri olduğunu dərk edərək taxmırsa, o zaman bir "psixoloq" məsləhəti və ya "müəllimə" təzyiqi ilə o hicabı aça bilər. Əgər bu məsələni anladınızsa, əlhəmdulilləh.
👉 Elə isə övladınızın dini təliminə, xüsusən də dində vacib olanları, sünnələri öyrənməsində ona köməklik edin! Onun dindən cahil, savadsız olmasına imkan verməyin. Onun özünü digər uşaqların din barədə gətirdiyi şübhələrindən qoruyacağı elmi öyrənməsinə də kömək edin.
➖ Övladınıza dini barədə sual verildikdə dininin necə gözəl olduğunu orta bir şəkildə izah edə bilirmi?
➖ İslamın haqq din olması barədə qaneedici izah verə bilirmi?
➖ Bu işdə onlara hansı elmi və mənəvi dəstəyi vermisiniz?!
➖ Övladınızın dini elmini artırmaq üçün kiçik də olsa şəraitlər, sual-cavablar, dini mətnlərin əzbəri və ya dini məzmunlu müzakirələr etmisinizmi?
➖ Yaxud onların dini səpkidə olan suallarına cavablar vermisinizmi? Yoxsa "belə olmalıdır", "cavabı bilmirəm" deyib keçmisiniz? Sonra da həmin bilmədiyiniz sualın cavabı barədə heç bir din xadiminə müraciət etməmisiniz?
📖 Siz olmadığınız yerlərdə təqvası və az da olsa dini elmi onu batil şübhələrdən qoruyacaqdır. Onun dinində sabit olmasına yardım edən səbəblər barədə düşünün. Çünki bu gün bu tədbirləri görməsək, sabah gec ola bilər. Bu gün öyrətməsək, bir ömür boyu zərərini çəkə bilərik.
2⃣
Praktiki cəhətə gəldikdə isə; Etiraf etməliyik ki, hicablı olub çox imanlı olan qızlarımız olduğu kimi, hicablı olub zahiri halında İslamdan az qala ancaq başındakı hicabı qədər əlamət qalan qızlarımız da var. Məhz onlar daha çox təhlükəli haldadırlar. Çünki, nə üçün hicab taxdığını bilməyən qızlar sabah nə üçün hicabı "gözlənilmədən" açarsa, əslində bunun gözlənilən olduğunu bilməliyik.
🔸 Odur ki, uca Allahın bu ayəsinə riayət edək:
"Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir". (Ta ha. 132).
👉 Əgər övladın sən olmayanda namazlarını qılırsa, nə gözəl! Yox, əgər onun namazı sənin mövcudluğundan aslıdırsa, o zaman hələ çox pis bir mərhələdə ola bilərsiniz. Bunu da bilin. Allah hər bir müsəlmana kömək olsun!
📊 Sonda əvvəl verdiyim sualı yenə verirəm:
"Övladlarınıza dinini öyrənməkdə nə qədər yardım edirsiniz?"✍
Yazdı: Sahib Əsədov.
t.me/selefinexlaqi