Bu qayda İslam İnqilabının əsas prinsiplərindən və mühüm mesajlarından biridir. İlk "Vəhdət həftəsi"nin keçirilməsi 1978-ci ilin fevral ayına, yəni Pəhləvi zülm rejiminə qarşı mübarizə dövrünə təsadüf edir. Həmin vaxt şəni uca olan şəhid Rəhbər (Allah məqamını ucaltsın) sürgündə olduğu İranşəhr şəhərində bu fikri irəli sürmüş, şiələr və sünnilər də onu böyük rəğbətlə qarşılamışdılar. İslam İnqilabının qələbəsindən az sonra isə İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (ruhu şad olsun) uzaqgörən tədbiri ilə "Vəhdət həftəsi" rəsmiləşdirildi. Uca Yaradanın lütfü ilə müsəlman xalqının bütün təbəqələri arasında birlik məsələsi İran xalqı daxilində uğurlu bir nümunəyə çevrilmiş və düşmənlərin onu pozmağa yönəlmiş işləri ciddi nəticə verməmişdir.
Lakin şübhəsiz ki, bədxahlar həmişə bu böyük neməti hədəfə almaq üçün fürsət gözləyirlər. Onları ümidləndirən isə ixtilafların qabardılmasıdır. Etiqadi və məzhəbi ixtilaflar düşmənin İslama qarşı məqsədinin mühüm bir hissəsini təşkil etsə də və düşmən bundan istifadə etməyə böyük ümid bəsləsə də, bununla kifayətlənməyəcək. O, irqi, mədəni, sosial, iqtisadi, siyasi və coğrafi fərqlərin bütün növlərini İranda və digər İslam ölkələrində yaşayan müsəlmanlar arasında parçalanma yaratmaq üçün bəhanələrə çevirməyə çalışacaq. Beləliklə, İslam ümmətinin parçalanmasını və güclərinin zəifləməsini izləyərək, münasib fürsət yarananda onların üzərində öz hakimiyyətini bərqərar etməyə çalışacaq. Qurani-Kərimin bu məsələlərdəki göstərişi "Bir-birinizlə çəkişməyin ki, zəifləyər və heybətiniz aradan gedər" ayəsində bəyan edilmişdir. Deməli, hansı mövqedə olmasından asılı olmayaraq, müsəlmanlar arasında parçalanmaya səbəb olan və İslam cəmiyyətində qarşıdurma yaradan hər hansı bir işi görən şəxs bunu bilərək və ya bilməyərək, istəyərək və ya istəməyərək, İslam düşmənlərinin məqsədinin həyata keçməsinə xidmət etmiş olur.
Bəs bu dövrdə kimsə belə bir əməli öz cahilliyi və qəfləti ilə necə əlaqələndirə bilər? Halbuki artıq dünyanın tağutları, başda cinayətkar Amerika olmaqla, müstəmləkəçi məqsədlərinin, hegemonluq və hökmranlıq planlarının çirkin üzünü gizlədən aldadıcı və saxta maskaları üzlərindən çıxarmış, hiyləgər məxmər əlcəklərini kənara atmış və qanlı caynaqlarını bütün dünyaya göstərmişlər.
İndi müsəlmanların düşünməsinin və hadisələrə daha diqqətlə nəzər salmasının vaxtıdır. Əgər müsəlmanlar bir yumruq kimi birləşmiş və əllərini möhkəm birləşdirərək vahid qüvvə təşkil etmiş olsaydılar, Fələstin xalqı bu şəkildə müdafiəsiz halda işğalçıların zülm və cinayətlərinə məruz qalardımı? Əgər Fars körfəzi sahillərində yaşayan xalqlar və dövlətlər İslam bayrağı altında öz birliklərini təmin etmiş olsaydılar, kimliksiz və fasiq quldurlar minlərlə kilometr uzaqdan onların torpaqlarına və sərvətlərinə göz dikməyə cürət edərdilərmi?
Mənim İslam ölkələrinin, xüsusilə Qərbi Asiya və Fars körfəzi sahili ölkələrinin hakimlərinə təkidli və dəfələrlə verdiyim tövsiyə budur ki, həqiqi düşməninizi tanıyın, onun planını anlayın və ona qarşı mübarizə aparın. İslam ümmətinin problemlərinin çarəsi söz birliyi, dostluq, xeyir və yaxşılıq yolunda əməkdaşlıqdır. Cinayətkar Amerika hakimləri və qondarma sionist rejim bu birlik və dostluğun qatı düşmənləridir. Onlar yalnız İslam Respublikasının, İran xalqının və əzəmətli İslam Müqavimət Cəbhəsinin düşməni deyillər, bütün İslam ümmətinə, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarına qarşı düşmənçilik bəsləyirlər. Bu məsələdə həmin ölkələrin hakimləri də istisna deyillər, onların bir çoxu bu güclərlə əməkdaşlıq edən hesab olunsalar belə. Necə ki, hegemon güclərin rəhbərləri tərəfindən bəzi İslam ölkələrinin rəhbərlərinə açıq şəkildə hörmətsizlik edilməsi və onlar haqqında nalayiq ifadələrin işlədilməsi yaxın keçmişdə həm sizin, həm də bizim yaddaşımızda qalmışdır.
Birlik və çəkişmədən uzaq durmaq dərsi İslam məktəbinin düşmənə və dosta münasibətdə ilk mühüm dərsidir.
Post #355
158
- ❤ 8