İslam İnqilabı Rəhbərinin Vəhdət Həftəsi münasibətilə müraciəti
Bağışlayan və mehriban Allahın adı ilə
"Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər."
Uca Allahın seçilmişi, məxluqatın ən şərəflisi, nurlu çıraq, ən əzəmətli nur, elm şəhəri, aləmlərə rəhmət olaraq göndərilmiş, İslamın möhtərəm Peyğəmbəri Həzrət Məhəmmədin (Allahın salamı Ona və Əhli-beytinə olsun) və onun pak və pakizə övladı, Allahın höccəti Həzrət İmam Cəfər Sadiqin (Allahın salamı Ona olsun) mövlud günlərini İranın şərəfli xalqına və böyük İslam ümmətinə təbrik deyirəm.
Peyğəmbərlərin sonuncusu olan Həzrətin varlıq günəşi Məkkeyi-Mükərrəmədə doğduğu andan etibarən, Uca və Əzəmətli Haqq qarşısında kamil bəndəlik və itaətdən asılı olan səadət mənzərəsi daha parlaq bir görkəm aldı. Peyğəmbərlərin, İlahi mələklərin və müqəddəs varlıqların ruhları sevincə qərq oldu, insan və cindən olan şeytanlar isə qəzəb, həsrət və kədərdən barmaqlarını gəmirərək qaldılar. Çünki Allahın bütün saysız-hesabsız yaradılış aləmlərində yaratdığı ən üstün məxluq torpaqdan olan ərsəyə qədəm qoyurdu və tezliklə nübüvvət və xatəmiyyət libasına bürünərək, əzəmətli Qurana sahib olmaqla və insanın hərtərəfli hidayəti vəzifəsini üzərinə götürməklə bəşəriyyətin böyük karvanının Allaha bəndəlik və kamilliyə doğru hərəkət istiqamətini müəyyən edəcəkdi.
O Həzrətin və onun məsum canişinlərinin bütün həyatı hidayət və bəndəlik dərsi, mərifət və məhəbbət, əqidə və cihad, həyat və fərdi və ictimai gözəl əxlaq, əmanət və sədaqət, habelə izzət və kəramət, elm və əməl, rəhmət və qətiyyət, haqq və ədalət, birlik və qardaşlıq dərsidir. Bu dərslər nə qədər yaxşı öyrənilər və onlara əməl olunarsa, bəşər övladlarının səadət və xoşbəxtlik zirvələrinə çatması bir o qədər asanlaşar. Biz inanırıq ki, Rəhmət Peyğəmbərinin müqəddəs ruhu, həmçinin onun pak canişinlərinin və pak höccətlərinin (Allahın salavatı və salamı Onların hamısına olsun) ruhları həmişə müsəlmanların və İslam cəmiyyətinin vəziyyətinə nəzarət edir, onları hidayət edir və onlara mərhəmət göstərirlər. Bu mehriban və böyük atanın övladlarından biri xəta etdikdə, onun könlü inciyir, müsəlmanlar isə onun dərslərinə və göstərişlərinə əməl etdikdə, mübarək qəlbi sevinclə dolur.
Bu gün İslam və onun ardıcılları İslamın ilk dövründən bu günədək çətin və təlatümlü mərhələlərdən keçdikdən, çoxsaylı eniş-yoxuşları geridə qoyduqdan sonra taleyüklü və həlledici bir mərhələyə çatmışdır. Bu gün müsəlmanlar çox təsirli və tarix yaradan bir rol oynaya bilərlər. Bu gün haqqın batil üzərində, İslamın küfr üzərində son qələbəsinin mənzərəsi bütün keçmiş dövrlərlə müqayisədə daha çox həqiqətə yaxınlaşmışdır.
Bu mühüm işin ilk şərti müsəlmanların söz birliyi və həmrəyliyidir. Müsəlmanların qlobal küfr qarşısında vəhdəti Qurani strategiya və xalis Məhəmmədi İslamın (Allahın salavatı və salamı Ona və Əhli-beytinə olsun) əsas təlimlərindən biridir, səthi və ötəri bir məsələ deyil. Vəhdət dedikdə məqsəd budur ki, İslam cəmiyyətlərinin ümumi səviyyəsində hamı arasında olan ortaq məqamlar əsas və meyar kimi qəbul edilsin. Əlbəttə, dəlillərə söykənərək, qardaşlıq və həmrəyliyin bütün qaydalarına riayət etməklə və Quran təlimlərindən irəli gələn şəkildə tam sülh və səfa şəraitində fikir ayrılığı olan məqamların ortaq nöqtələrə çevrilməsinə çalışılmalıdır.
Şübhəsiz ki, İslam cəmiyyətlərində bütün müsəlmanlar qlobal küfr qarşısında Quranın "Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər" prinsipini öz düşüncə, söz və əməllərinin əsası və meyarı etməlidirlər. İslam vəhdəti və həmrəyliyi məhz belə əldə olunur. Bu İlahi mesajın iki hissəsindən hər hansı biri müsəlmanların əməli həyatından uzaqlaşdığı zaman onlar İslam Mədinəsində haqlı olaraq qazandıqları izzətli mövqedən də uzaqlaşacaqlar. Bu, heç bir istisnası olmayan bir qaydadır.
Post #354
133
- ❤ 12