Amnesty International: Hicablı qızların təhsildən məhrum edilməsi ayrı-seçkilikdir
Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmasını əngəlləyən məhdudiyyətlərin ləğvini və dinc etirazlara görə həbs olunanların azad edilməsini tələb edib.
Təşkilatın oktyabrın 16-da yaydığı bəyanatda bildirilir ki, qızların hicab taxdıqları üçün dərslərə buraxılmaması onların təhsil, din və ifadə azadlığı hüquqlarını pozur.
Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers vurğulayıb ki, dövlət məktəblərində dünyəvi təhsil prinsipi dini geyimlərə ümumi qadağa qoyulmasına əsas vermir.
Oktyabrın 12-dən qüvvəyə minən məhdudiyyətlər Azərbaycanda etirazlara səbəb olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün təkcə Bakıda 37 nəfər saxlanılıb. Fəallar isə ölkə üzrə saxlanılanların sayının 200-dən çox olduğunu bildirirlər.
Saxlanılanların bəziləri sonradan sərbəst buraxılsa da, neçə nəfərin həbsdə qaldığı məlum deyil.
Təşkilat bəyanatında sosial şəbəkə paylaşımına görə 25 sutka həbs edilən Qüdrət Abdullayevin, məktəb divarına “Hicaba azadlıq!” yazdığı üçün 30 sutka həbs olunan Rafael Hüseynzadənin işlərinə də toxunub.
Həmçinin qızının məktəbə buraxılmamasına etiraz edən Şahizyar Hüseynovanın saxlanılması və məktəbdən kənarda qalan uşaqlar üçün pulsuz onlayn dərslər təşkil edən İlkin Hüseynovun yoxa çıxması barədə məlumatlardan narahatlıq ifadə olunub.
Amnesty International Azərbaycan hakimiyyətini ayrı-seçkiliyə son qoymağa, şagird və müəllimlərin məktəbə qayıtmasını təmin etməyə, yalnız dinc etiraz etdiklərinə görə saxlanılanları dərhal azad etməyə çağırıb.
Post #79718
473
- 👍 13