🇦🇿 HÖRMƏTLİ HƏMYERLİLƏR, ƏZİZ MÜƏLLİMLƏR!
🔹 Mən bu gün qarşınızda sadəcə bir müəllim kimi deyil, ömrünün 36 ilini məktəbə, təhsilə və Azərbaycan övladlarının şəxsiyyət kimi formalaşmasına həsr etmiş bir insan kimi dayanıram.
36 il...
🔹 Bu illər ərzində mənim üçün məktəb sadəcə işlədiyim yer olmayıb. Məktəb mənim həyatım, şagirdlərim isə həyatımın ən qiymətli parçası olub. Mən uşaqlarımı həmişə çox sevmişəm. Onların hər bir uğuru mənim uğurum, hər bir sevinci mənim sevincim, hər bir problemi isə mənim problemim olub. Mən çalışmışam ki, şagirdlərim yalnız yaxşı oxuyan deyil, həm də vətənini, xalqını, müəllimini və insanlığı sevən layiqli vətəndaş kimi böyüsünlər.
🔹 Bu gün, illər əvvəl dərs dediyim şagirdlərimlə qarşılaşanda, onların gözlərində gördüyüm sevgi və hörmət mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Onların—“Müəllimə, sizi heç vaxt unutmadıq” deməsi, mənim 36 illik müəllimlik fəaliyyətimin ən böyük mükafatıdır.
🔹 Mən müəllimlik fəaliyyətim boyunca bir sıra uğurlara imza atmışam:
🤔 2003-cü ildə “İlin müəllimi” adına layiq görülmüşəm,
🤔 2004-cü ildə “Respublikanın Əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm,
🤔 VII Qrant müsabiqəsinin qalibi olmuşam,
🤔 təlimçi müəllim kimi fəaliyyət göstərmişəm.
🤔 həmçinin uzun illər pedaqoji fəaliyyətlə yanaşı, “Həkəri” qəzetinin şöbə müdiri, Şimal bölgəsi üzrə “Örnək müəllim”, Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi fəaliyyət göstərmişəm.
🔹 Amma bütün bunların içərisində mənim üçün ən böyük titul yenə də “MÜƏLLİM” sözüdür.
Çünki müəllim olmaq yalnız dərs demək deyil. Müəllim—bir uşağın taleyinə toxunmaqdır. Müəllim—bir uşağın özünə inanmasına səbəb olmaqdır. Müəllim—gələcəyin həkimini, mühəndisini, alimini, əsgərini, jurnalistini, müəllimini yetişdirməkdir.
Mən bütün ömrümü buna həsr etmişəm.
🔹 Bu gün isə mənə çox ağır gələn bir vəziyyətlə üz-üzəyəm. Hicablı şagirdlərimiz və hicablı müəllimlərimiz məktəbə buraxılmır. Şəhidlərimizin bizə əmanət qoyub getdiyi hicablı balalarına, hicablı bacılarına və hicablı ailələrinə beləmi sahib çıxırsınız ?!!!
🔹 Mən hicablı olduğum üçün məktəb direktoru məni məktəbə buraxmır. Mənim konstitusiya hüquqlarım pozulur. Şagirdlərimizin təhsil almaq hüququ pozulur.
🔹 Məsələyə heç hüquqi çərçivədən baxmayaq. Mən bunu yalnız özümə qarşı münasibət kimi qəbul etmirəm. Mən bunu 36 il məktəbinə, şagirdlərinə və müəllimlik adına xidmət etmiş bir insanın qəlbinə toxunan məsələ kimi qəbul edirəm.
🤔 Mənim hicabım mənim müəllimliyimi dəyişmir.
🤔 Hicabım mənim biliyimi azaltmır.
🤔 Hicabım mənim pedaqoji təcrübəmi silmir.
🤔 Hicabım şagirdlərimə olan sevgimi dəyişmir.
🤔 Hicabım mənim vətənə və xalqıma xidmət etmək istəyimi dəyişmir.
🔹 Mən yenə həmin müəlliməm. Şagirdlərinin uğuruna sevinən, onların dərdinə narahat olan, hər bir uşağın gələcəyini düşünən həmin müəllim... Mən istəyirəm ki, mənə insan kimi, müəllim kimi və 36 illik əməyimin sahibi kimi yanaşılsın.
🔹 Mən məktəbdən uzaqlaşdırılmaq yox, yenidən şagirdlərimin qarşısında dayanmaq istəyirəm. Çünki mənim üçün məktəbin qapısından içəri daxil olmaq sadəcə işə getmək deyil.
Bu, ömrümün 36 ilini verdiyim dünyaya—müəllimlik dünyasına qayıtmaqdır.
🔹 Mənim şagirdlərim məni gözləyir.
Mən də onları gözləyirəm.
Çünki müəllim şagirdindən ayrı qala bilməz.
Mən bu gün də inanıram ki, ədalət, insan hüquqlarına hörmət və müəllim əməyinə verilən dəyər qalib gələcək!
Mən özümü heç vaxt yalnız bir müəllim hesab etməmişəm.
Mən özümü Azərbaycan uşaqlarının gələcəyinə kiçik də olsa bir işıq tutan insan hesab etmişəm.
Və bundan sonra da belə qalmaq istəyirəm.
🔹 Mənim adım Ülkərdir. Mən 36 ildir müəlliməyəm. Mən şagirdlərimi sevirəm. Şagirdlərim də məni sevir.
Mənim ən böyük mükafatım budur.
Və mən öz məktəbimə, öz şagirdlərimə qayıtmaq istəyirəm.
Çünki mənim yerim məktəbdədir.
Təşəkkür edirəm!
Post #77360
263




- ❤ 11
- 😢 2
- 🔥 1