❗️❗️❗️
İlhamın sevimli nağılı: «Mənim xəbərim yox idi!»
İlham Əliyevin Azərbaycanda çoxdan sınaqdan çıxardığı maraqlı bir siyasi fənd var. Xalqı qəzəbləndirəcək qərar qəbul etmək lazımdır? Buyurun, prezident xaricə səfərə göndərilir, qərar isə onun yoxluğunda həyata keçirilir. Xalq etiraz edir, narazılıq böyüyür, məsələ ölkənin sərhədlərini aşırsa, onda səhnəyə baş "qəhrəmanımız" daxil olur.
İlham ölkəyə qayıdır, üzünə məsumluq ifadəsi verir, əllərini yana açıb sanki ilk dəfə eşidirmiş kimi təəccüblənir: «Bu nə məsələdir belə? Kim edib bunu? Xalqı niyə incidirsiniz?»
Ardınca bir-iki məmura barmaq silkələyir. Vəssalam! Tamaşa bitdi, xilaskar meydana çıxdı, günahkarlar tapıldı, prezidentin isə yenə heç nədən xəbəri olmadı.
Belə çıxır ki, Azərbaycanda prezidentlik çox rahat peşədir: yaxşı işlərin hamısı sənin uğurundur, pis işlərin hamısı məmurların özbaşınalığıdır. Ölkədə hər şey qaydasındadırsa, rəhbər sənsən. Hər şey qarışıbsa, deməli, səndən xəbərsiz nəsə ediblər!
İndi də hicab məsələsinə baxaq. Ölkədə insanlar narahatdır, valideynlər təşviş keçirir, sosial şəbəkələr bu mövzu ilə dolub-daşır, televiziya və xarici media məsələni işıqlandırır. Hətta «Əl-Cəzirə» belə Azərbaycandakı vəziyyətə diqqət ayırır.
Amma görəsən, İlham Əliyevin xəbəri varmı?
Əziz tamaşaçılar, səbirli olun! Bəlkə prezidentimiz yenə hansısa uzaq ölkədədir və interneti tutmur? Bəlkə xəbərlər onun yaşadığı planetə gec çatır? Axı bu boyda ölkədə milyonlarla insanın bildiyini bir nəfərin bilməməsi üçün xüsusi istedad lazımdır!
Deyək ki, ölkədəki hicab məsələsindən həqiqətən xəbərsizdir. Bəs Ərdoğan BMT-də məktəblərdə hicab qadağasına toxunanda, İlham Əliyev tədbirdə onun sözlərinə ad çəkmədən cavab verəndə necə oldu? Deməli, məsələ beynəlxalq səviyyəyə çıxanda xəbər tutmaq olur, amma ölkənin özündə baş verəndə məlumatlar prezident aparatının qapısından içəri keçə bilmir?
Görünür, Azərbaycanda xəbərlərin də xüsusi qaydası var: əvvəl xalq eşidir, sonra sosial şəbəkələr, ardınca xarici media, daha sonra başqa ölkələrin rəhbərləri — ən axırda isə, bəlkə də, prezident!
İndi gəlin, İlham Əliyevin doğrudan da xəbərsiz olduğunu qəbul edək. Onda vəziyyət daha da gülməli görünür. Təsəvvür edin, on milyonluq ölkədə hamı baş verənlərdən xəbərdardır, bircə prezidentin xəbəri yoxdur. Hamı hadisələri müzakirə edir, prezident isə yəqin ki, səhər qəzetini açıb təəccüblə soruşur: «Bunlar nə vaxt olub?»
İlham müəllim, bir sualımız var: Siz prezident kimi ölkəni idarə edirsiniz, yoxsa ölkədə baş verənləri sonradan öyrənən fəxri tamaşaçısınız?
Bəlkə sabah ölkədə böyük bir fəlakət baş versə, xalq küçələrə çıxsa, dünya mediası hadisəni manşetlərə çıxarsa, siz yenə də xəbərsiz qalacaqsınız? Sonra bir məmuru çağırıb barmağınızı silkələyəcək, «Niyə mənə deməmisən?» deyəcəksiniz? Məmur da başını aşağı salıb günahı boynuna götürəcək, siz isə xalqa müraciət edib yenidən xilaskar roluna girəcəksiniz?
Nə gözəl tamaşadır! Ssenarini kim yazırsa, prezidentə həmişə eyni rol düşür: hadisə baş verəndə yoxdur, narazılıq yarananda xəbərsizdir, məsuliyyət tələb olunanda isə günahkar axtarır.
Amma bir problem var, İlham müəllim: xalq artıq bu tamaşanın sonunu əzbər bilir. Hər dəfə eyni səhnə, eyni məsum sifət, eyni barmaq silkələmə və eyni bəhanə!
Ölkədə hamı xəbərdardır, prezidentin xəbərinin olub-olmadığı isə dövlət sirridir.
İndi əsas sual budur: əgər prezident ölkədə baş verənlərdən xəbərsizdirsə, bu ölkəni kim idarə edir? Yox, əgər xəbərdardırsa, onda niyə özünü xəbərsiz adam kimi göstərir?
Hər iki halda cavab verməli olan xalq deyil, hakimiyyətdir. Çünki prezidentin vəzifəsi baş verənlərdən xəbərsiz görünmək yox, baş verənlərə görə məsuliyyət daşımaqdır.
Dövlət idarəçiliyi «Mənim xəbərim yox idi!» nağılı deyil. Prezident kreslosu isə hər dəfə günahkar tapıb özünü təmizə çıxarmaq üçün qoyulmuş teatr stulu deyil!
Adminlə əlaqə @Ar_Rad_Admin
#Hicaba_Azadlıq
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #146946
2.67K
- ❤ 127
- 👍 22
- 💯 17
- 👏 8
- 🔥 2
- 😁 1